...

Bakıda "Nargis" jurnalının təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkası açılıb (FOTO)

Mədəniyyət Materials 14 Dekabr 2013 21:13 (UTC +04:00)
Dekabrın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında yerləşdirilmiş balaca taxta evlərdə “Nargis” jurnalının təşkilatçılığı ilə “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası açılmışdır.
Bakıda "Nargis" jurnalının təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkası açılıb (FOTO)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Dekabrın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında yerləşdirilmiş balaca taxta evlərdə "Nargis" jurnalının təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkası açılmışdır.

Trend AzərTAc-a istinadən xəbər verir ki, açılış mərasimində xeyriyyə yarmarkası haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, yarmarkadan əldə olunan vəsait 3 nömrəli internat məktəbinin hesabına köçürüləcəkdir.

"Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkasının ideya müəllifi "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır.

Diqqətə çatdırılmışdır ki, dekabrın 20-dək davam edəcək yarmarkaya gələn şəhər sakinləri və qonaqlar buradakı bayram ab-havasından zövq alacaq, "Jan Atelier", "Lilak", "Carrousel", "Ali&Nino" və digər brendlərdən hədiyyələrini əldə edə biləcəklər.

Yarmarkada 3 nömrəli internatda tərbiyə alan uşaqların da əl işləri satışa çıxarılmışdır.

Buraya gələnləri suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə, Şaxta baba ilə Qar qız gözləyəcəkdir.

Qonaqlar hər gün saat 12:00-dan başlayaraq gün ərzində Yeni il hitlərindən həzz alacaq, isti şokolad içəcək və "Nargis" jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulacaqlar.

Açılış mərasimində tədbir iştirakçıları səhnəyə dəvət olunmuş internat məktəbinin uşaqlarını onlara dəstək əlaməti olaraq alqışlamışlar.

İnternat məktəbinin direktoru Bahar Kərimova isə uşaqların istedadlı olduğunu demiş və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Sonra "Beat Heaven" qrupunun ifasında konsert təqdim edilmişdir.

Yarmarkanın təntənəli bağlanışı dekabrın 20-də olacaqdır. Həmin vaxt qonaqlar lotereyada iştirak edib "Nargis" jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmək şansını qazanacaqlar. Bu hədiyyələr arasında tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet və əsas priz olaraq "Pasha Travel"dən Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılacaqdır.

Miroslava Duma "Buro 24/7" kimi tanınmış dəbli saytın Azərbaycan versiyasının açılışı ərəfəsində sərgiyə təşrif buyuracaq və gecənin xüsusi qonağı olacaqdır.

İnternat uşaqlarının arzularını həyata keçirmək şansını qaçırmayın. Gəlin hər birimiz Şaxta baba olaq!

"Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru "Bank Technique"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti