Azərbaycan, Bakı, 10 iyun /Trend/
Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarova Sorbonna Universitetinin səhnəsində Azərbaycanın tanınmış tarzəni Sahib Paşazadə ilə birgə yaradıcılıq tandemində "Klassik üslubda ənənələr" (Les Traditions en mode classique) adlı konsert proqramı ilə çıxış edib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.
Azərbaycanlı sənətçilərin uğurlu dueti 200-dən artıq parisli musiqi sevərləri valeh edib. Konsert iyunun 8-də Sorbonna Universitetinin ən görkəmli tələbəsi və daha sonra direktoru olan Kardinal Reşelye adına tarixi Amfiteatrda baş tutub.
Konsert S.Zülfüqarovanın irəli sürdüyü təşəbbüs əsasında Sorbonna Universitetinin Mədəniyyət xidməti, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyi tərəfindən birgə əməkdaşlıq şəraitində təşkil edilib.
Konsertin rəsmi hissəsində TEAS-ın Fransa nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin, Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev çıxış ediblər. Natiqlər Azərbaycanın zəngin mədəniyyəti olan bir ölkə, həm regional, həm də beynəlxalq aləmdə mühüm yer tutmasından geniş bəhs ediblər. Bildirilib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası kimi bir çox beynəlxalq təşkilatların üzvüdür, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısıdır, 12-28 iyun tarixlərində Bakı-2015 I Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bakıda anadan olmuş pianoçu S.Zülfüqarova musiqi dərslərinə yeddi yaşından başlayıb. O, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan xanım S.Zülfüqarova Parisdə Paris IV Sorbonna Universiteteində Musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru olan S.Zülfüqarova Fransa Dövlət Diplomuna layiq görülüb.
Konsertdə Zülfüqarova-Paşazadə dueti Astor Piazzollanın nisgilli "Oblivion" əsərini, Jorj Bizenin "Karmen" uvertyurasını, Vittorio Montinin "Czardas", əsərini, həmçinin Fərhad Bədəlbəylinin "Şuşa" əsərini və Ramiz Rzaevin "Çahargah" rapsodiyasını ifa ediblər.