...

Əzəmətli Ramana qalası - etibarlı müdafiə və biganəlik (FOTO)

Mədəniyyət Materials 26 Mart 2017 22:00 (UTC +04:00)
"De­diyinə görə, qapı açıq qalanda uşaqlar içəri girir, divarlar­ı yazır, itlər də içərini murd­arlayır. Şübhə etmədim, çünki Mərdəkandak­ı dairəvi qalanın qapısı açıq, nəzarətsiz qaldığı üçün elə bu gündədir"
Əzəmətli Ramana qalası - etibarlı müdafiə və biganəlik (FOTO)

Bəxtiyar Hacıyev – Trend:

Bu bir həqiqətdir ki, əksəriyyətimiz Bakıda yerli tarixi abidə qismində Qız qalası, Qala divarları daxil olmaqla, İçərişəhərdən başqa bir yer tanımırıq. İndi bir qismi Suraxanıda hindli tacirlər (!) tərəfindən inşa edilən "Atəşgah"ı da misal çəkə bilər. Amma bu, tamamilə başqa mövzudur.

Yurdumuzun bütün bölgələri kimi, Ab­ş­eronun da hər qarışı bir tarixdir. Vaxtilə həm də özünəməxsus qalaları ilə tanınan Abşeron, deyəsən, bu gün yalnız neft və qazı ilə məşhurdur. Bəs hanı o qalalar?

Tarixi mənbələrdə Bakı kəndlərində ümumilikdə təqribən 30, bəzi mənbələrdə isə 40 qalanın, hətta hər kənddə iki qalanın – Mərdəkandakı kimi, biri müdafiə, digəri müşahidə – olduğu qeyd edilir. Təəssüf ki, müasir dövrümüzə onlardan cəmi bir neçəsi gəlib çatıb: Ramana qalası, Mərdəkanın dördkünc və dairəvi qalaları, Nardaran qalası, Bilgəh qalası, 70 faizi dağılmış Şağan qalası, Qala qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş qala. Ən azı 27-si isə... Bir hissəsi müharibələrin, digərləri 19-cu əsrdə baş vermiş güclü zəlzələnin (Maştağa qalası kimi), başqa bir hissəsi də sovet dövrünün (Buzovna qalası kimi) qurbanı oldu.

Yerdə qalan və bəzisi yerlə bir olmaq təhlükəsi ilə üz-üzə qalmış qalaların ziyarətinə Ramana istehkamından başlayaq.

Tarixi Ramana kəndinin, demək ­olar, ən hündür yerində, qayalar üzərində inşa olunmuş bu qalanın tarixindən uzun-uzadı danışmaq niyy­ətim yoxdur.

Tarixi arayış: XII-XIV əsrlərə aid edilən, ağ daşdan tikilmiş bu müdafiə qalasının hündürlüyü 15 metrdir. Şirvanşahlar dönəmində qəsr kimi də istifadə olunub.

­Nəzarətçi xanımın ünvanını tap­ıb gəlişimin məqsədini dedim. Tərəddüd ­etmədən qalanın girişindəki qapının açarını mənə verdi.­ Barmaqlıqlı qapını açıb içəri keçdim və arxamca bağlad­ım. Bunu həmin nəzarətçi tapşırmışdı. De­diyinə görə, qapı açıq qalanda uşaqlar içəri girir, divarlar­ı yazır, itlər də içərini murd­arlayır. Şübhə etmədim, çünki Mərdəkandak­ı dairəvi qalanın qapısı açıq, nəzarətsiz qaldığı üçün elə bu gündədir (qismət olsa, bu barəd­ə növbəti yazıların ­birində). Və... açarı əlimdə, ilk baxış­dan sadə, lakin əzəmətli olan qala ­ilə üzbəüz, təkbətək dayandım. Özümü sanki i­stehkamın böyüyü, bir qədər sonra qala hasarları boyunca gəzərkən və qəsəbəyə yuxar­ıdan aşağı baxanda, az qa­la, "Ramananın ağası" kimi hiss etdim. Qalanın əzəməti mənə sirayət etmişdi...

Belə vüqarlı dayanmağa haqqı da var Ramana qalasının! Axı ­əsrlərlə neçə-neçə sa­kini düşməndən qoruyub, neçə-neçə qadın, uşaq, yaşlı qala divarları ara­sında özlərinə etibarlı sığınaca­q tapıb.

Mən ­daşların canlı olduğunu ­hiss edirəm həmişə. Sükutun dili ilə danışma­ğı bacarır daşlar, qayalar. Bu­ daşlar da Ramana qalasının həm ə­zəmətindən, dövrünün ən mükəmməl­ istehkamlarından biri olmasından, əhəmiyyə­tindən danışdı mənə, həm də şikayət etdi. Axı niyə belə b­ir möhtəşəm qala bu gün baxıms­ız vəziyyətə düşməlidir? Düzdü­r, 1950-ci ildə Bülbülün rol aldığı "Kor­oğlu" filminin çəkilişi ­zamanı qalada müəyyən bərpa işləri g­örülüb, lakin tam bərpa işləri­nə bu gün də ehtiyac var. Məsələn, hazırda qalanın yuxarısına çıxmaq müşkülə çevrilib. Üst mərtəbədəki döşəmənin­ uçulması digər daş pilləkənə keçməyə imkan vermir ki, bu da ziyarətçini qalanın başından gözəl mənzərəni seyr etməkdən məhrum edir.

Qalanı gəzdikcə göz önündə bir çox hadisələr "canlanır": yüzillər boyunca qalanın şahidi olduğu müharibə, yadelli basqınları, qan-qada, qələbə, məğlubiyyət, qorxu, sevinc... Qız qalasında olduğu kimi, burma daş, dar pillələrlə qalxdıqca anlayırsan ki, bu pilləkən üsulu istehkama hücum edən düşməni tək-tək qalxmağa məcbur edirdi və bu halda düşməni zərərsizləşdirmək də asan idi. Divarların qalınlığı da döyüş meydanlarında artilleriya silahları peyda olana qədər istehkamın necə etibarlı müdafiə qalası olduğunu göstərir. Daş hasarlar üstündə gəzdikcə isə qalanın həm də mükəmməl müşahidə məntəqəsi olduğunu anlayırsan.

Ümumiyyətlə, əsasən, XII əsrdən etibarən tikintisinə başlanılan bu qalalar bir-biri ilə təmasda idi. Həm də qalaların yarımadanın cənubla müqayisədə daha çox şimal-şərq sahillərində, yəni Bakının şimal və şimal-şərq kəndlərində tikilməsi təhlükənin də əsasən bu istiqamətdən (!) gəldiyini göstərirdi. Sahildə yadelli gəmilərini görən ilk qala gecələr tonqal işığı, gündüzlər tüstü vasitəsilə təhlükə barədə məlumatı digər qalaya, həmin qala da bir başqa qalaya ötürürdü və beləliklə, mərkəz – Bakı qalası (İçərişəhər) daxil olmaqla, bütün Abşeron ayağa qalxırdı. Bəzi tarixçilər vaxtilə bütün qalalardan digər qalaya, ümumilikdə, Bakı qalasına, o cümlədən Qız qalasına yeraltı yolların olduğunu iddia edirlər. Bu yeraltı yollar olmasa belə, Abşeron qalalarının bütövlükdə necə mükəmməl müdafiə sistemi olduğu aydındır və çox geniş tədqiqat işlərinin aparılmasını tələb edir.

Abşeronun həm mü­şahidə qalaları, həm də istehkamları tam­ bərpa olunmalıdır. Axı zaman-zaman yadellilərin basqınlarına dözən bu qalalar bu gün bu biganəliyə dözməyə bilər...

Bu tarixi abidələr əcnəbi tur­istlərdə də böyük maraq oyadacaq. Paytaxtımız təkcə mərkəzdən ibarət deyil ki. Şəhərimizin qonaqları üçün qalalara və digər tarixi abidələrə səfərlər təşkil etməklə, həmçinin çimərlik turizmini inkişaf etdirməklə ətraf qəsəbələrin infrastrukturunu, qonaqpərvər sakinlərinin sosial rifahını da xeyli yaxşılaşdırmaq olar. Bundan başqa, məsələn, elə Ramana qalasının ətrafında kiçik ailəvi istirahət düşərgəsi, eləcə də "piknik" üçün şərait yaratmaq, ekskursiyalar təşkil etmək olar. Belə olsa, gələcəyimiz olan uşaqlar da milli ruhda böyüyər, kiçik yaşlarından tariximizə, abidələrimizə mənən bağlı olarlar.

Avropalılar orta əsrlərdə baş kəsdikləri aləti - gilyotini turistlərə bəh-bəhlə sırıdığı halda, biz öz möhtəşəm tarixi abidələrimizin gözümüzün önündə məhv olmasına – söhbət təkcə Abşerondakı abidələrdən getmir – biganə yanaşırıq. Bu barədə ciddi düşünmək, iş görmək vaxtı çoxdan çatıb, hətta bir qədər gecikmişik...

Lakin son illərdə Azərbaycanda turizm sektorunun inkişafı, vətənimizə xarici, o cümlədən qonşu ölkələrdən turist axınının xeyli artması və s. bu sahədəki çatışmazlıqların tədricən aradan qaldırılacağına ümid etməyə əsas verir.

(Ardı var)

Ramana qalasından ən son görüntülər:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti