...

Fransada Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş festival keçiriləcək

Mədəniyyət Materials 30 Aprel 2018 14:14 (UTC +04:00)
Fransada mayın 14-dən 17-dək həmyerlimiz Adilə Əliyevanın adını daşıyan pianoçuların 12-ci beynəlxalq festivalı keçiriləcək.
Fransada Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş festival keçiriləcək

Bakı. Trend:

Fransada mayın 14-dən 17-dək həmyerlimiz Adilə Əliyevanın adını daşıyan pianoçuların 12-ci beynəlxalq festivalı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, festival Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Fransada yaşayan soydaşımız Adilə Əliyeva adına nüfuzlu beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi ənənə halını alıb və Avropanın, həmçinin ABŞ-ın musiqi ictimaiyyətinin böyük marağına səbəb olub.

İndiyədək bu müsabiqənin qalibləri Doyçe qramofon, Soni, Fransa radiosu, Nyu-York filarmoniyasının orkestri, Karneqi holl və digər bu kimi nüfuzlu yerlərdən, İngiltərə, Almaniya və Avstriyadan dəvətlər alıb, Parisdə ödənişsiz təhsil almaq imkanı qazanıb və yaxşı təaqüdlə təmin olunublar.

Uzun illərdir, Fransada keçirilən müsabiqə öz imkanları çərçivəsində, Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və gənc musiqiçiləri musiqi təhsilini inkişaf etdirməyə şərait yaradır.

Qeyd edək ki, Adilə Əliyeva adına pianoçuların 11-ci beynəlxalq müsabiqəsi ötən ilin may ayında Cenevrə şəhərində keçirilib. Azərbaycanın əməkdar artisti A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq disk buraxıb. Adilə Əliyeva hər il Azərbaycanın ali və orta musiqi məktəblərinə ustad-dərsləri verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti