...

Aksiya - Gəlin teatra gedək (FOTO)

Mədəniyyət Materials 28 Yanvar 2019 21:37 (UTC +04:00)
Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirib.
Aksiya - Gəlin teatra gedək (FOTO)

Bakı. Trend:

Teatrın təbliği yönündə ard-arda bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirən Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirib.

Teatrdan Trend-ə verilən məlumata görə, “Gəlin teatra gedək” devizi ilə gənc və orta yaş nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin bir neçə saatını məhz teatra ayırmalarını təmin etmək məqsədilə başladılan bu yeni layihə çərçivəsində müxtəlif yaş kateqoriyasını nəzərə alaraq repertuar planı hazırlanıb.

Bu repertuar planı barədə şəhərin bütün sosial təbəqəsindən olan əhalisini məlumatlandırmaqdan ötrü əhalinin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatlarda, sosial şəbəkələrdə reklam çarxları yayımlanır. Sosial media platformlarında davamlı olaraq teatrsevərlərin qatıldığı “könüllülər” qrupunda aparılan PR kompaniyası da müsbət nəticələrini verməkdədir.

Beləliklə, yeni layihəyə əsasən Sumqayıt Dövlət Dram Teatrında hər ay mütəmadi olaraq həftəsonları fərqli janrda tamaşalar nümayiş etdiriləcək.

Layihə çərçivəsində ilk tamaşalar yanvarın 26-27-də göstərilib. Yanvarın 26-da oynanılan Con Patrikin “Qarını öldürməliyik?” psixoloji dramında rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa edir. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Elena Karpenkodur.

Yanvarın 27-də isə xalq artisti Firudin Məhərrəmovun quruluşunda Turqut Özakmanın “Ocaq” əsərinin səhnə versiyası tamaşaçıların diqqətinə çatdırıldı. Tamaşada əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Oktay Mehdiyev rol aldı. Tamaşalar maraqla qarşılandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti