Bakı. Trend:
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.
Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək A.İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini deyib. Bir alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu deyən Gövhər xanım, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söyləyib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan G.Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəldiyini qeyd edib.
Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və Şərqşünaslıq İnstitutunun əməkdaşları çıxış edərək Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyiblər, görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.