...

Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı (FOTO)

Mədəniyyət Materials 7 Avqust 2025 13:52 (UTC +04:00)
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.

Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.

Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.

Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, Sahib Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, "Natiq" ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən maraqlı ifaları ilə tamaşaçıların qəlbini fəth edib.

Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.

Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti