...

Qarabağ bölgəsində seçkilər seçicilərin ruh yüksəkliyi və fəallığı ilə keçirilir

Seçki 2015 Materials 1 Noyabr 2015 10:13 (UTC +04:00)
Qarabağ bölgəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb.
Qarabağ bölgəsində seçkilər seçicilərin ruh yüksəkliyi və fəallığı ilə keçirilir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Qarabağ bölgəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb. Trend Secki-2015.az saytına istinadən xəbər verir ki, səsvermə hüququ olan sakinlər səhər saat 8:00-dən seçki məntəqələrinə gələrək fəal iştirak edirlər.

Ağdam rayonunda seçkilər 118 və 119 saylı dairələrdə keçirilir. 118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 39441 seçicini əhatə edir. Məcburi köçkün ağdamlılar Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün 1 və 28 saylı məntəqələrdə veb-kamera quraşdırılıb.

119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 41629 seçici qeydə alınıb. Dairə üzrə 749 nəfər gənc ilk dəfə olaraq seçki hüququndan istifadə edir. Seçicilərin 895 nəfəri 80-100 yaş arasında, 8 seçicinin yaşı isə 100-dən yuxarıdır. Seçki məntəqələrinin 2-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 447 nəfər müşahidəçi izləyir. Dairə üzrə 5 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 33848 seçici qeydə alınıb. Onlardan 307 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. 13 seçicinin yaşı isə 100-dən yuxarıdır. 27 saylı seçki məntəqəsində qeydə alınmış 119 yaşlı Zərnişan İsmayılova rayonun ən yaşlı seçicisidir. Səsvermənin gedişini 320 nəfər müşahidəçi izləyir. Seçki məntəqələrinin 15-də veb-kamera quraşdırılıb.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilər 38 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 26-sı Yevlax rayonunun ərazisində, 12-si isə Mingəçevirdə yerləşir. Qeydə alınmış 36544 seçicidən 406 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Seçicilərin 472 nəfərin yaşı 80-100 arasında, 3 seçicinin yaşı isə 100-dən yuxarıdır. 5 namizədin qeydə alındığı dairədə seçkilərin gedişini izləmək üçün 394 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkiləri 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə 39 seçki məntəqəsində 35544 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Sesvermənin gedişini 166 müşahidəçi izləyir.

Seçkilər 82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini izləmək üçün 2, 3, 7, 8, 11, 13, 22 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 45 min 397 nəfərdir. Seçkiləri 470 müşahidəçi izləyir.

83 saylı Ağcabədi - Füzuli seçki dairəsinin sədri Mübahir Nəsirov bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38093 seçici səs verməlidir. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkiləri 437 müşahidəçi izləyir. 2, 3, 21, 23 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 45494 nəfərdir. Onlardan 690 nəfəri bu il seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 1232 nəfəri 80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən yuxarıdır. 7 məntəqədə seçkilərin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür. Seçkiləri müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 264 müşahidəçi izləyir.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyevin verdiyi məlumata görə, 50 seçki məntəqəsi üzrə 42961 seçici qeydə alınıb. Seçicilərin 590 nəfəri səsvermədə ilk dəfə iştirak edir. 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

94 saylı Bərdə kənd seçki dairəsində parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Qeydə alınmış 44733 seçicinin 320 nəfəri ilk dəfə səs verir. Səsvermənin gedişini 856 nəfər müşahidəçi izləyir.

Parlament seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kameralar quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 37601 nəfərdir. 644 nəfər gənc ilk dəfə olaraq seçki hüququndan istifadə edir. 22 seçicinin isə yaşı 100-dən yuxarıdır. Seydimli kənd sakini 117 yaşlı Minə Əliyeva, Qaynaq kənd sakini 116 yaşlı Sədaqət Şirinova və Səhləbad kənd sakini 115 yaşlı Gövhər Almuradova rayonun ən yaşlı seçiciləridir.

Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın seçki dairəsini əhatə edən 102 seçki məntəqəsi respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Dairə seçki komissiyasından verilən məlumata görə, dairə üzrə seçicilərin ümumi sayı 45370 nəfərdir. Seçki prosesini 600 müşahidəçi izləyir. Laçınlı məcburi köçkünlər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti