Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Azərbaycanda parlament seçkiləri sakit şəraitdə, hər hansı bir pozuntu halı olmadan keçir.
Bunu Trend-ə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən İsrail müşahidə missiyasının üzvü, israilli siyasətçi, Knesset üzvü Sofa Landver deyib.
S.Landverin sözlərinə görə, müşahidə missiyası Yasamal rayonunda 4 seçki məntəqəsində seçki prosesini izləyib: "Hər şey yüksək səviyyədə təşkil olunub. Səsvermə prosesi sakit şəraitdə keçir. Seçicilərin fəallığı müşahidə olunur. Seçkilərdə hər hansı nöqsan qeydə alınmayıb".
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.