Bakı. Ənvər Məmmədov - Trend:
200 manat dəyərində yeni əsginasın buraxılması inflyasiya gözləntilərinin artmasına gətirib çıxarmayacaq.
Bunu Trend-ə iqtisadçı ekspert Fərhad Əmirbəyov deyib.
Ekspert bildirib: “Yeni əsginasın buraxılması inflyasiyanın artımına, eləcə də yaxın zamanlarda mümkün devalvasiyaya səbəb olmayacaq”.
F.Əmirbəyovun sözlərinə görə, bu addım manatın rəqabətqabiliyyətliliyini artıracaq və dollarlaşmanın səviyyəsini azaldacaq:
“Əslində bu addım nağd dövriyyədə dollarlaşmanın səviyyəsinin azaldılması üçün alətlərdən biridir. Devalvasiyaya qədər 100 manat 100 avroya və təqribən 120 dollara bərabər idi ki, bu da iri əsginasa həmin dövrdə xarici əsginaslarla böyük pul vəsaitlərin dövr etdiyi iqtisadiyyat seqmentlərində rəqabət aparmağa imkan verirdi. Yeni əsginas manatı yenidən ödəmə vasitəsi kimi istifadə etməyə imkan verəcək. Bu isə öz növbəsində dollar kütləsinin bir hissəsini nağd dövriyyədən çıxarmağa imkan verəcək”.