Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin rəsmi “Facebook” səhifəsində bildirilir.
Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə çap edilmiş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.
Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.
V.Məmmədəliyev BDU-da Ərəb filologiyasi kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!