Bakı. Trend:
Respublikamızın ərazisində örtülü sahədə tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda çox sayda istixana fəaliyyət göstərir. Becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulun əmtəəlik keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Dünyanın əksər ölkələrində pomidor istixanalarında əsasən pomidor minalayıcı güvəsinə rast gəlinir.
Buna görə də, sahibkarlara istixanalarda pomiror minalayıcı güvəsinə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparmaqlarını tövsiyə edirik. Sözügedən zərərli orqanizmin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini sizə təqdim edirik.
Pomidor güvəsi (Tuta absoluta)
Quruluşu və həyatı:
Yetkin fərdlər. Pomidor minalayıcı güvəsinin yetkin fərdləri uzun, nazik olub, üst qanadları gümüşü-boz və ya qəhvəyi rəngə çalır. Bədəninin uzunluğu 6 mm, qanad genişliyi isə 10 mm-dir. Ön qanadları dar, gümüşü boz (və ya açıq qəhvəyi) üzərində müxtəlif ölçülü xarakterik nöqtəşəkilli ləkələr var. Bığcıqları sapşəkillidir.
Yumurtalarının uzunluğu 0.4 mm, eni 0.2 mm olub silindirşəkilli, qəhvəyi-sarı rəngdədir.
Sürfələr dörd yaş mərhələsi keçirir. Yumurtadan təzə çıxmış sürfələr krem rəngində olub baş hissəsi tünddür. İkinci yaş mərhələsində dördüncü yaş mərhələsinə keçdikcə rəngi yaşıldan açıq çəhrayıya qədər dəyişir. Birinci yaş mərhələsində olan sürfələrin uzunluğu 0,9 mm, dördüncü yaş mərhələsində olanlarınkı isə 7,5-8 mm təşkil edir. Sürfələrin üst tərəfində olan tünd rəngli ayırıcı lent pomidor minalyıcı güvəsinin sürfəsinin təyinedici əlamətlərindən biridir. Sürfələrin inkişaf müddəti xarici mühit amillərindən asılı olaraq 13-15 gün çəkir.
Pup. Zərərvericinin pupu ilk vaxtlar yaşılımtıl olsa da, sonradan qəhvəyi rəng alır. Uzunluğu 6 mm-ə bərabərdir. Pup müddəti 9-11 günə bərabərdir.
Pomidor minalayıcı güvəsinin əsas qida bitkisi pomidor bitkisidir, lakin zərərverici kartof, badımcan, bibər və s. bitkilərə də ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır.
Mübarizə tədbirləri
Aqrotexniki mübarizə
1. İlkin olaraq karantin tədbirləri tətbiq edilərək istixanaya pomidor minalayıcı güvəsinin daxil olmasının qarşısı alınmalıdır.
2. Zərərverici ilə sirayətlənmiş şitillər əkilməməlidir.
3. Sirayətlənmiş bitki hissələri vaxtaşırı yığılmalı, sahədən çıxarılmalı və xüsusi ayrılmış yerlərdə utilizasiya edilməlidir.
4. Pomidor sahəsinə yaxın ərazilərdə və ya sahə daxilində alaq otları mütəmadi təmizlənməlidir (xüsusilə Badımcançiçəklilər (Solanaceae) fəsiləsinə aid olan).
5. Məhsul yığımından sonra sahə bitki qalıqlarından təmizlənməli və dərin şumlama aparılmalıdır.
6. Bitkilərə normadan artıq su və azotlu gübrə verilməməlidir.
7. Növbəli əkin prinsipinə əməl edilməlidir.
8. İstixanaların qapısı iki qatlı olmalı, giriş və havalandırma sistemi tor ilə örtülməlidir.
Biotexniki mübarizə
Zərərvericinin aşkar edildiyi ilkin ocaqlarda müxtəlif tipli tələlərdən (feromon+su tələləri və ya işıq+feromon+su tələlərindən, delta tipli feromon tələlər, yapışqanlı lentlər (tünd rəngli)) istifadə edilir. Tələlər monitorinq məqsədilə 1-2 tələ/ha, mübarizə məqsədilə isə zərərvericinin sayından asılı olaraq 20-40 tələ/ha tətbiq edilir. Tələlər yerdən 20-30 sm yüksəklikdə bərabər aralıqlarla yerləşdirilir.
Bioloji mübarizə
Bioloji mübarizə məqsədilə zərərvericinin təbiətdə sayını tənzimləyən həşəratlardan (entomofaqlardan) istifadə edilir. Belə həşəratlardan Nesidiocoris tenuis və Nobis pseudoferus yırtıcıları pomidor minalayıcı güvəsinin sürfə və yumurtaları ilə həvəslə qidalanır. İstixanada bioloji mübarizə məqsədilə yumurta parazitoiti Trichogramma evanescens və yırtıcılardan Nesidiocoris tenuis növünün birlikdə tətbiqinin səmərəliliyi yüksəkdir.
Kimyəvi mübarizə
Zərərvericidə tətbiq edilən kimyəvi preparatlara qarşı qısa müddətdə yüksək dərəcədə davamlılığın yaranması xüsusiyyəti var. Bu səbəbdən də eyni tərkibli preparatların tətbiqi qısa müddətdə davamlılığın yaranmasına və aparılan mübarizənin səmərəliliyinin kəskin azalmasına səbəb olur.
Digər tərəfdən yumurtadan çıxdıqdan qısa müddət sonra tırtılların bitki daxilinə keçməsini nəzərə alaraq kontakt təsirli pestisidlərin, bioloji preparatların və tırtıllara qarşı bioloji mübarizə agentlərinin həmin zaman kəsiyində tətbiqi təmin edilməlidir.
Nəticə olaraq qeyd edə bilərik ki, pomidor minalayıcı güvəsi ilə mübarizədə ən effektiv üsul sadalanan bütün mübarizə üsullarının birlikdə və təlimata uyğun tətbiqidir.