...

Azərbaycanda heç kim Çinin yolunu tanımayanda mən biznes üçün Çinə gedib-gəlirdim - Vüqar Səfərli

Gündəm Materials 17 Sentyabr 2021 18:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə veriən V. Səfərli özünü ittihamlarla təqsirli bilməyib. O bildirib ki, rəhbərlik etdiyi fondda yalnız qərarlar icra edib: "Mən KİVDF-də icraçı direktor olmuşam, qərarları mən verməmişəm. Fondun Müşahidə Şurasının verdiyi qərarları icra etmişəm. Müşahidə Şurasının bütün iclaslarının videoyazıları da var. Amma Müşahidə Şurasından heç kim istintaqa cəlb olunmayıb.

Vəzifəyə təyin olunanda Ramiz Mehdiyev məni çağırıb dedi ki, Prezident sənə böyük etimad göstərir. Bildirdi ki, Fonda Əli Həsənov kuratorluq edəcək və nə kömək lazımdırsa, göstərəcək. Əvvəlcə Əli Həsənov bizə Beynəlxalq Mətbuat Mərkəzində yer təklif elədi. Normalda kvadratı 22-23 manat olan yeri bizə 18 manatdan icarəyə verəcəyini dedi”.

V.Səfərli maliyyə məsələləri ilə bağlı ittihamları da rədd edib: “Bizə ayrılan vəsait Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilirdi. Maliyyə Nazirliyinə təqdim etdiyimiz xərclər smetası əsasında pul xəzinədarlıqdan çıxarılırdı. Biz ayrılan puldan artıq məbləğ qalanda dövlət büdcəsinə geri qaytarırdıq. 2019-cu ildə 31 466 manat pulu büdcəyə qaytarmışdıq”.

V.Səfərli həyat yoldaşının adına olan “Futbol+Qol” qəzetinə ayrılan vəsaitlərin də digər qəzetlərə ayrılan şərtlər əsasında ayrıldığını bildirib: "“Futbol+Qol” KİVDF-nin yardım ayırdığı 33 qəzetdən biri idi. Qəzetlə bağlı heç bir nöqsan olmayıb. Amma istintaq zamanı prokuror mənə dedi ki, bu qəzet arvadınızın adına olduğu üçün araşdırmaya daxil etmişik. Hansı ki, qəzetlərə yardımı da Prezident Administirasiyasın İctimai-Siyasi Məsələlər Şöbəsinin Müşahidə Şurasına tövsiyəsi əsasında ayrılırdı.

Əli Həsənov məni yanına çağırıb dedi ki, qəzetlərin səviyyəsindən narazılıq var. Dedi maliyyə yardımı ayrılan qəzetlərin sayını azaltmaq lazımdır. Qərar verildi ki, 20 min gündəlik, 10 min günaşırı, 5 min manat isə həftəlik çıxan qəzetlərə yardım ayrılsın. Yəni bu məsələlərdə mənim heç bir səlahiyyətim olmayıb”.

Jurnalistlər üçün tikilən bina ilə bağlı ittihamlara münasibət bildirən V. Səfərli bu ittihamı da qəbul etməyib: “Biz sırf bu iş üçün ayrıca mühəndis götürmüşdük. Bu məsələyə o cavabdeh idi. Tikinti üçün tender elan etmişdik. “Portos” MMC tenderin qalibi oldu. FHN tərəfindən yoxlamalar aparıldı. Qiymətqoyma komissiyası yoxlama keçirdi. Jurnalistlər üçün tikilən birinci bina 31 milyon, ikinci bina üçün isə 26 milyon manat qiymət qoyuldu. Tikinti gedərkən mən vaxtaşırı gedib baxırdım. Amma tikinti materiallarının keyfiyyətinə nəzarət edə bilmirdim. Mən suvağın, betonun və ya armaturun qalınlığını ölçə bilməzdim. Ona mühəndis nəzarət edirdi. Tikinti üçün ayrılan pullara gəlincə, Maliyyə Nazirliyi yerə baxıb rəy verir və vəsait ayırır. Vəsaiti tikinti şirkətinin veriyi qaimələr əsasında şirkətin hesabına köçürürdük. Hətta həmişə əvvəlcə işi görürdülər, sonra pul verirdik. Heç vaxt şirkətə əvvəlcədən pul ödəmirdik. Tikintiyə də Əli Həsənov özü nəzarət edirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, o, heç kəslə şəxsi tanışlıqla iş görməyib: “Mən ittiham aktında görmədim ki, kimsə desin, mən Vüqar Səfərli ilə əlbir olub iş görmüşəm. Oradakı 5 milyonluq, 18 milyonluq ittihamların heç bir əsası yoxdur. O pullar necə silinib, necə çıxarılıb, kimin yanında verilib, kim verib, istintaq orqanı bunları araşdırmayıb.
2006-cı ildən mənim öz biznesim var. Adımda olan əmlakların hamısını Fonda icraçı direktor təyin olunmamışdan əvvəl əldə etmişəm. Azərbaycanda heç kim Çinin yolunu tanımayanda mən biznes üçün Çinə gedib-gəlirdim.

İstinaqın və Hesablama Palatasının yoxlamaları mənim iştirakım olmadan keçirilib. Qəribədir ki, pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının tapşırığı olduğu halda, KİVDF-nin işçiləri məcbur edilirdi ki, ərizələrini yazıb öz xahişləri ilə işdən çıxsınlar və mənim əleyhimə ifadə versinlər. Heç kimlə üzləşdirmə aparılmayıb. Müstəntiqi istintaq boyu 2 dəfə görmüşəm. Ora Əli Həsənovun mülküdürsə, biz pul verməməliyik? Kvadratına 47 qəpik verilməsi məsələsi gülüncdür. Deməli, onda Maliyyə Nazirliyi qəsdən şərait yaradır ki, dövlət büdcəsi dağıdılsın? Fond fəaliyyətə başlayanda 6 nəfər işçisi var idisə, mən işdən çıxanda 42 nəfər idi".

Proses sentyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti