Bakı. Samir Əli -Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Rasim Quliyevin vəkili Ədalət Mövlayev dövlət ittihamçısının Rasim Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməsi ilə razılaşmadığını bildirib və müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
O bildirib ki, ittihamın məzmunundan görünür ki, Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb, həmin sərəncam əsasında qeyd edilən pozuntularla ofis və yaşayış bilalarının həmin ərazidə tikintisinə dair "FF-2011" MTK-ya icazə verməklə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə şəhərsalma sahəsində görülən ardıcıl tədbirlərin tərkib hissəsi kimi qəbul edilən hüquqi sənədlərə məhəl qoymayaraq dövlətin bu sahədə qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyətlərindən sui-istifadə etmiş, qanunla müəyyən edilmiş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olub.
"Konstitusiya Məhkəməsinin 13.07.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin məzmununa görə vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur.
Konstitusiya Məhkəməsinin 13.07.2013-cü il tarixli qərarına əsasən Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Vəsatətim təmin edilərək Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 14.06.2018-ci il tarixli, 2/569 saylı məktubunda da göstərildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqa icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərdən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır.
Hətta məhkəmədə tədqiq olunan həmin cinayət işinin başlanmasına əsas olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Samir Nuriyevin Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış 10.10.2018-ci il tarixli 05/05-2409 nömrəli məktubunda, sədr müavini Dövlətxan Dövlətxanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış 28.09.2018-ci il tarixli 05/05-2198 nömrəli məktubunda da göstərilmişdir ki, "FF-2011" MTK tərəfindən tikintinin aparılmasına dair sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 2.6, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyətli şəxslər tərəfindən imzalanmamışdır.
Belə olan halda məhkəmədə tədqiq olunan “Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Rasim Vaqif oğlu Quliyevə həvalə edilməsi və sərəncamın icrasna nəzarəti öz üzərində saxlamasına" dair Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun 20.09.2017-ci il tarixli, 430 №-li sərəncamı "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin tələblərinə zidd olaraq çıxarıldığı üçün qanuni əsası yoxdur. Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını imzalayarkən buna qanuni səlahiyyəti olmayıb", - deyə vəkil bildirib.
Vəkil deyib ki, qeyd olunan 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamın imzalanmasına kimi verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki tikintiyə dair ayrıcı aktda, xüsusi nişanda, ərazinin sıxlığı və ara məsafəsində, işçi layihəsi, şəhərsalma əsaslandırılmasında, tikintinin və ətraf ərazilərin hüquqi statusunda heç bir dəyişiklik baş verməməsi, mühüm zərəri müəyyən etmək üçün zərərçəkmiş müəssisə, idarə və ya təşkilatın, vətəndaşların adları, sayları, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, müəssisə, idarə və ya təşkilatın normal fəaliyyətinə mənfi təsir dərəcəsi, onlara vurulan maddi ziyanın ölçü və xarakterinin müəyyən edilməməsi nəzərə alınmaqla Rasim Quliyevin Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə ittiham olunması absurddur və o, həmin cinayət əməllərini törətməyib:
"Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-nin 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o zaman qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir.
Məhkəmə hökmünün əsaslığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslığının digər şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməsində təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyəti yaradır.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır.
Azərbaycan Respublikası CPM-nin 340-cı maddəsinin və yuxarıda şərh olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırkı başa çatmış məhkəmə istintaqının nəticəsinə uyğun olaraq xahiş edirəm ki müdafiəsində iştirak etdiyim Quliyev Rasim Vaqif oğluna Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə bəraət hökmü çıxarılsın, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından azadlığa buraxılması təmin edilsin".
Proses dekabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib