Bakı. Trend:
Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
Bu barədə bu gün Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə bildirilib.
Qeyd edilib ki, daxil olan vətəndaş müraciətləri əsasında 70, 79, 91, 145 və 160A nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il
3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə
müraciət edə bilər.