Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.
DİN, DTX və Baş Prokurorluqdan Trend-ə daxil olan birgə məlumata görə, müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də
əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların
törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün
“müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə
yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin
veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət
göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək
sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı
mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq
Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək
üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən
narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli
miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin
təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf
ediblər.
Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam
etdirilir.
