...

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıldı (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 12 Oktyabr 2023 16:15 (UTC +04:00)
Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıldı (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", - deyə məlumatda qeyd olunub.

XXX
Saat - 11.10

Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.

Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.

Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti