Bakı. Trend:
Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölüb.
Cəsarət Vəliyev Dövlət Sərhəd Xidmətinin baş giziri olub.