Bakı. Trend:
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində “İqlimə Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin uzlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər
verir ki, dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri
üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, kənd
təsərrüfatı naziri Məcnun Məmmədov, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə
regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Qutu, aqrar
sahədə fəaliyyət göstərən şirkət və assosiasiyaların nümayəndələri,
ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə
xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki,
iqlim dəyişikliyi həyatın bütün sahələrinə təsir etdiyi kimi, yeni
çağırışlar və imkanlar da yaradır. İqlim dəyişikliyinin aqrar
sahədə fəaliyyətə çətinliklərə səbəb olduğunu deyən Muxtar Babayev
qeyd edib ki, iqlimə uyğunlaşma ilə yanaşı, yeni çağırışlar fonunda
yaranan imkanlar dəyərləndirilməlidir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də sosial-iqtisadi məsələdir. İqlim dəyişikliyinin daha çox aqrar sahəyə təsir etdiyini deyən Məcnun Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi risklərini azaltmaq, su və topraq resurslarından səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu isə öz növbəsində ərzaq təhlükəsizliyi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələlərinə toxunub. O qlobal çağırışların təsirləri fonunda dayanıqlı aqro-ərzaq sistemlərinin qurulmasının vacib olduğunu, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə kənd təsərrüfatı sahəsinin üzləşdiyi riskləri minimuma endirməyin və aqrar sahədə məhsuldarlığı artırmağın mümkün olduğunu diqqətə çatdırıb
Tədbirdə çıxış edən natiqlər fermerlərə dəstək alətləri və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi, maliyyə əlçatanlığının təmin olunması, aqrar sahəyə investisiya və digər məsələlər barədə fikirlərini bölüşüb, aqrar sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.