Bakı. Trend:
III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi davam etdirilir.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus cəlb edilib.
24-30 sentyabr tarixlərində 84 reys həyata keçirilib, 1441 idmançı və nümayəndə heyətinin aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin edilib.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb.
İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 1550 reys həyata keçirilib, 6297 idmançı və nümayəndə heyəti tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.