Bakı.Trend:
2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.
Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.
Bundan başqa, Rəyasət Heyətinin üzvləri VK-nın sabiq sədr müavini, uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul olan Fərhad Nəcəfovu 75 illik yubileyi münasibətilə təbrik ediblər. Onun vəkilliyin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilib, zəngin peşə təcrübəsi və vəkilliyə verdiyi töhfələr xüsusi qeyd olunub. Fərhad Nəcəfova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını müvəffəqiyyətlə başa vuran namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borclarına sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Həmçinin, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunvericiliyə uyğun olaraq təsdiqlənib.