Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi əməliyyat nəticəsində Azərbaycana qaçaqmalçılıq yolu ilə brilyant gətirən şəxs yaxalanıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü DGK-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MTN və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində FZ705 saylı Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən Bakı şəhərinə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elvin Elmar oğluna məxsus olan qara rəngli, üzərində "LİMA" sözü əks olunmuş və tünd qəhvəyi rəngli, üzərində "POLO SPORTS" sözləri əks olunmuş çamadanlara gömrük baxışı keçirilərkən, həmin çamadanların boru şəklində olan metal tutacaqlarından gömrük nəzarətindən gizlədilmiş cəmi 18 ədəd kiçik şəffaf selofan paketlərə qablaşdırılmış müxtəlif ölçülü, ümumi çəkisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb.
Digər bir yoxlama zamanı 705 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Şərifova Zenfira Mir Əhməd qızının üstündə aparılan şəxsi yoxlama zamanı ondan 2 ədəd sarı rəngli kiçik həcmli bükülülər aşkar edilib. Həmin bükülülərin içərisində müxtəlif ölçülərdə ümumi xalis çəkisi 97,0 qram (485 karat) brilyant qaşlar aşkar olunaraq protokol əsasında götürülüb.
UZB 755 saylı Daşkənd-Bakı aviareysi ilə gələn Özbəkistan vətəndaşı Faxritdinova Şoxista Djalodinova Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual zamanı üzərində və əl yükündə aparılan gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama zamanı əynindəki gödəkçənin döş nahiyəsindəki cibində olan bükülünün içərisindən bəyan etmədiyi ümumi çəkisi təxminən 7 qram olan selofanlara qablaşdırılmış qiymətli daşlar aşkar olunub.
Sonra isə Faxritdinovanın əl yüklərinə baxış zamanı oradan bəyan etmədiyi üzərində şəffaf daşlar, çəkisi təxminən 13 qram olan 3 ədəd üzük və qara, şəffaf daşlarla bəzədilmiş, çəkisi təxminən 47 qram olan 1 ədəd boyunbağı aşkar olunub. Aşkar olunan əşyalar protokol əsasında götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.