Azərbaycan, Bakı, 6 iyul /Trend/
Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrama səbəblərini öyrənmək üçün yaradılan xüsusi komissiya ekipaj üzvlərinin qohumları ilə mütəmadi əlaqə saxlayır və onlara daxil olan bütün məlumatlar verilir. Bu barədə çərşənbə günü Trend-ə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov bildirib.
Onun sözlərinə görə, ekipaj üzvlərinin qohumlarına hər cür zəruri tibbi yardım göstərilir, onlarla psixoloqlar işləyir.
Yaxın saatlarda Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələrinin və "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu komissiyanın üzvləri Əfqanıstana yola düşəcəklər. Qasımov bildirib ki, hadisənin səbəbləri və ekipajın taleyi haqqında daha dəqiq məlumat komissiya üzvlərinin hadisə yerində olmasından sonra veriləcək.
Hava gəmisinin həlak olan ekipaj üzvləri bunlardır:
1.Gəminin kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüd)
2. İkinci pilot Oleq Marşixin (1979-cu il)
3. Şturman İqor Çjen (1966-cı il)
4. Bort mühəndisi Vladimir Şatobin (1969-cu il)
5. Bort radisti Əhmədcan Xacayev (1955-ci il)
6. Bort operatoru Elnur Mahmudov (1981-ci il)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964-cü il)
8. Aviatexnik Əfqan Rəhimov (1980-ci il)
9. Aviatexnik Mehman Hüseynov (1962-ci il)
Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.
Azərbaycan Mülki Aviasiya Administrasiyası xəbər verib ki, Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.
Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.
Bundan əvvəl radikal "Taliban" hərəkatının nümayəndələri təyyarənin onlar tərəfindən vurulduğunu bəyan ediblər. Lakin bu məlumat hələlik təsdiqini tapmayıb.