Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/
Səbail rayonunda iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda "Ford" markalı mikroavtobus və "Daewoo" markalı avtobus toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerindəcə vəfat edib.
Xilasedicilər deformasiyaya uğramış mikroavtobusdan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.