...

Oğuzda qayadan yıxılıb öldüyü deyilən ovçunu güllələməkdə təqsirli bilinən şəxslər həbs ediliblər

Hadisə Materials 30 Yanvar 2014 10:51 (UTC +04:00)
Oğuzda qayadan yıxılıb ölən ovçunu güllələməkdə təqsirli bilinən şəxslər həbs ediliblər.
Oğuzda qayadan yıxılıb öldüyü deyilən ovçunu güllələməkdə təqsirli bilinən şəxslər həbs ediliblər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Oğuzda qayadan yıxılıb öldüyü deyilən ovçunu güllələməkdə təqsirli bilinən şəxslər həbs ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Oğuz rayon prokurorluğuna 1981-ci il təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

M.Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədəni üzərində odlu silahla yetirilməyə xarakterik xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqla müəyyən edilib ki, Xalid Həsrətov qeyd edilən tarixdə saat 10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin bərpası və mühafizəsi müəssisəsinin meşə gözətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edən Arif Salehovla müvafiq icazə olmadan, qadağan edilmiş vaxtda qanunsuz ov etmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, hər biri yivsiz ov tüfəngləri ilə silahlanaraq "Qırmızı kitab"a daxil edilməklə ovlanması tamamilə qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə rayonun Xaçmaz kəndi ərazisində yerləşən "Böyuk Daş" deyilən əraziyə gediblər.

Həmin gün saat 13.00 radələrində ov prosesində onlar istifadələrində olan ov tufənglərindən qarşılarına çıxmış marala atəşlər açaraq onu ovlayıblar. Bu zaman Xalid Həsrətovun açdığı atəşlərin ondan nisbətən aralıda dayanıb ov gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə dəyib xəsarət yetirməklə ehtiyatsızlıqdan onu öldürməsində əsaslı şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci, Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti