Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/
Dövlət Sərhəd Xidmətinin Akademiyasında yanğın baş verib.
Trend xəbər verir ki, bir neçə dəqiqə əvvəl Dövlət Sərhəd Xidmətinin Xətai rayonu, Gəncə prospektində yerləşən Akademiyasının binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Trend-ə bildiriblər ki ki, yanğın akademiyanın çardağından başlayıb.
Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
DYMX-dən bildiriblər ki, yanğın artıq lokallaşdırılıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə deyib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunb. Lakin hələlik zərərçəkənlərlə bağlı hər hansı məlumat yoxdur.
Hadisə ilə bağlı DSX rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, 15 iyul 2014-cü il tarixdə saat 17:00 radələrində Dövlət Sərhəd Xidməti Akademiya kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 m2 sahəsində yanğın baş vermiş, Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınmış və yanğın söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlamışlar.
Hal-hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə təmir işlərinə başlanılmışdır.