...

Türkiyədə mədəndə xilasetmə işləri davam etdirilir

Hadisə Materials 29 Oktyabr 2014 09:48 (UTC +04:00)
Türkiyənin Ermenek şəhərindəki kömür mədənində qalmış işçilərin xilası üzrə işlər davam etdirilir.
Türkiyədə mədəndə xilasetmə işləri davam etdirilir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Ermenek şəhərindəki kömür mədənində qalmış işçilərin xilası üzrə işlər davam etdirilir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "TRT Haber" telekanalı məlumat yayıb.

Dünən Türkiyənin cənubunda yerləşən Karaman vilayətinin Ermenek şəhərindəki kömür mədənində süxurun dağılması, daha sonra isə mədəni su basması ilə nəticələnən qəza baş verib.

Telekanalın məlumatına görə, hazırda mədəndə 18 işçi qalıb. Onların taleyi barədə hələlik heç nə məlum deyil.

Qəzanın baş verdiyi anda mədəndə 40-a yaxın işçi olub. Onların əksəriyyəti mədəni vaxtında tərk edə bilib.

Dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır. Suyun mədəndən kənara vurulması iki günə yaxın davam edə bilər. Mədənə dalğıcların göndərilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti