Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda avtoyuma məntəqəsindən qaçırılmış avtomobil polisdən yayınarkən Salyanda aşıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonunun H.Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus "Hyundai" markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün saat 16 radələrində Salyan rayon ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib avtomobili aşırıb.
Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi RPİ 7-ci PB-yə gətiriliblər.
H.Soltanovun halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Binəqədi RPİ tərəfindən araşdırma aparılır.