...

Lənkəranda saxta dollar və narkotik alverçilərinə qarşı əməliyyat keçirilib (FOTO)

Hadisə Materials 21 Noyabr 2014 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

Lənkəranda saxta pul və narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.

Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 33 yaşlı Namiq Həsənov Lənkəran şəhər avtovağzalında əməliyyatçılar tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Onun üstünə baxış zamanı 3 ədəd saxta 100 Amerika dolları aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Lənkərana narkotik maddə qəbul etmək məqsədi ilə gəlib.

O, qeyd edib ki, Lənkəran rayon Girdəni kənd sakini, Arzuman Mirzəyevin evində qonaq olub. Birlikdə narkotik maddə qəbul etdikdən sonra Arzuman Mirzəyev tanışı Namiq Həsənova saxta dollar almağı təkli edib və 300 saxta dolları ona 60 manata satıb.

Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları 43 yaşlı Arzuman Mirzəyevi də saxlayıb. Onun yaşadığı evə baxış zamanı 35 ədəd kibrit qutusuna doldurulmuş 200 qrama yaxın marixuana, 2 ədəd sellofan torbaya bükülmüş yarım kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik maddələri satış məqsədi ilə əldə edib saxladığını etiraf edib. Arzuman Mirzəyev eyni zamanda bildirib ki, saxta dollarları ona narkotik maddə satdığı şəxslər marixuananın əvəzində veriblər. Pulların saxta olduğunu bildikdə isə tanışı Namiq Həsənova satmaq qərarına gəlib.

Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti