Azərbaycan, Bakı, 26 iyun /Trend/
Fransanın İzer departamentində sənaye müəssisəsinə hücum etməkdə şübhəli bilinən kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Le Dauphine" qəzetinin məlumatına əsasən, hadisə yerli vaxtla saat 10:00-da İzer departamentində baş verib. Terrorçu olduğu ehtimal edilən şəxs maşında qaz balonlarının istehsal edilib doldurulduğu müəssisənin həyətinə daxil olub, dolu çənlərdən biri ilə toqquşub. Hücum nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.
Yaxın zamanda hadisə yerinə Fransanın daxili işlər naziri Bernar Kaznevin gələcəyi gözlənilir. Hazırda yerli prokuror müəssisəyə gəlib.