Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs M.Abbasov bildirib ki, masaj salonu ilə bağlı ona materiallar göndərilib: "Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün həmin salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. Ona yaxın jurnalist salona gedib, yeyib-içib pul vermirdilər. Rasim Hüseynov mənə zəng edib dedi ki, jurnalistlərin 100 min pulunu alıblar. O, Yevlaxda işləyir, Bakıda mən onunla görüşdüm. Məndən kömək istədi, pulsuz kömək etmirəm ki. Adını çəkdiyi jurnalistlərin hamısını da tanıdım".
Prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Mayın 3-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.