...

Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı

Hadisə Materials 12 Sentyabr 2018 16:46 (UTC +04:00)
Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi aprllyasiya şikayətinə baxılıb.
Qubada 4 yaşlı uşağın ölümünə görə həbs edilən qadın azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilərək həbs olunan Lalə İsrafilovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi Cinayət Məcəlləsinin 124.1-ci (səhlənkarlıqdan adam öldürmə) maddəsinə dəyişdirilib və L.İsrafilovaya 3 il şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İsrafilova 9 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün o, uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti