Bakı. Trend:
220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilrib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Eyni zamanda TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 11.04.2025-ci il tarixində saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb.
"Dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb",- deyə məlumatda qeyd edilib.