...

Uçan binanın dağıntıları altından 7 nəfərin meyti çıxarılıb

Hadisə Materials 29 Avqust 2007 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Dünən gecə 16 mərtəbəli binanın dağıntıları altından 3 nəfərin meyti çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Tural Müseyibov Trend ə bildirib ki, uçqun altından bu saata qədər 7 nəfərin meyti çıxarılıb. Yaralılar Ramil Fərman oğlu Nəzərov, Ədədxan Axundov və Rauf Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Abbas Mahmud oğlu Əhmədov isə Travmatologiya Xəstəxanasına yerləşdirilib.

Bu dəqiqələrdə də hadisə yerində xilasetmə işləri davam etdirilir. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-nin 222.2 (tikinti, mədən işləri və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 222-1-ci (zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan tikinti qaydalarını pozma) maddələri ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend ə bildirilib ki, hadisə ilə bağlı tikintini aparan "Mütəfəkkir" şirkətinin rəhbəri Əli Muradov və digər vəzifəli şəxsi Əsgər Əliyev həbs olunub.

İlkin versiyaya görə, çərşənbə axşamı saat 17:00-da Bakıda Naxçivani və Muxtarov küçələrinin kəsişməsində tikilən binanın uçması səbəbi tikintidə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi Kamil Bağırov verib.

Tikintini aparan "Mütəfəkkir" şirkəti əvvəlcədən FHN tərəfindən tikinti qaydalarının pozuntusu ilə bağlı xəbərdar edilib. Bağırovun sözlərinə görə, şirkətin bu nöqsanları aradan götürüb götürməməsi araşdırılır.

Xəbər lenti

Xəbər lenti