...

İİV tədqiqatları 2011-ci ilin tibbi uğuru hesab edilir

Maraqlı Materials 27 Dekabr 2011 13:44 (UTC +04:00)
Nüfuzlu “Science” jurnalı insanda immunçatışmazlığı virusunun (İİV) aradan qaldırılmasına həsr edilmiş, HPTN 052 adı altında aparılan beynəlxalq kliniki sınaqları 2011-ci il ərzində elm sahəsində başlıca nailiyyət elan edib.
İİV tədqiqatları 2011-ci ilin tibbi uğuru hesab edilir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Nüfuzlu "Science" jurnalı insanda immunçatışmazlığı virusunun (İİV) aradan qaldırılmasına həsr edilmiş, HPTN 052 adı altında aparılan beynəlxalq kliniki sınaqları 2011-ci il ərzində elm sahəsində başlıca nailiyyət elan edib. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir.

Bu sınaq zamanı alimlər müəyyən ediblər ki, əgər İİV-ə yoluxmuş adamlar onların immun sistemi hələ normal vəziyyətdə olduğu vaxt antiretrovirus preparatları qəbul etməyə başlasalar, onlar infeksiyanı 96 faiz az öz tərəfdaşlarına ötürə bilərlər. Deməli, antiretrovirus vasitələr təkcə İİV-i müalicə etmir, həm də virusun ötürücülüyünün qarşısını alır. Bu nəticələr "New England Journal of Medicine" jurnalında dərc olunub.

Həmçinin "Science"in versiyasına görə, yola saldığımız ilin uğurları siyahısına müasir insanın və onun qədim əcdadının genetik kodunun öyrənilməsini də daxil etməyə dəyər. Xüsusən də, bu, qədim insanlar tərəfindən müasir insanın immun sisteminin əsasının necə qoyulduğunu anlamağa imkan verir.

Həm də 2011-ci ildə alimlər öyrəndilər ki, insanın mədə-bağırsaq sistemində məhz hansı mikroblar məskunlaşır. Məlum olub ki, hər bir insanda aralarında Bacteroides, Prevotella, yaxud Ruminococcus kimi bakteriyaların da yer aldığı hakim bakteriyalar var. Bu bakteriyaların növlərindən biri insan çoxlu zülal qəbul etdikdə, digəri isə vegetarian pəhrizi saxladığı zaman inkişaf edir.

GlaxoSmithKline şirkəti isə 15 mindən artıq afrikalı uşaq üzərində malyariyaya qarşı RTS,S vaksinlərini sınaqdan keçirib. Mütəxəssislərin proqnozlarına görə, vaksinin uğur qazanmaq üçün hər cür şansı var.

Tədqiqatçılar əmindirlər ki, yaxın vaxtlarda insan qocalıq xəstəliklərinə də qalib gələcək. Və bu zaman ona 2011-ci ildə edilən ixtira kömək edəcək. Mütəxəssislər siçanlarda bölünməyən, bununla da qocalmaya səbəb olan hüceyrələri ayırmağa nail olublar. Əgər bu hüceyrələr bədəndən yığışdırılsa, onda yaşla bağlı dəyişikliklərin (katarakta, əzələ zəifliyi) öhdəsindən ən azı bir müddət gəlmək mümkündür.

Xəbər lenti

Xəbər lenti