Azərbaycan, Bakı, 19 yanvar / Trend, müxbir X.Murtuzayeva/
Hər gün itburnu içkisi qəbul edən adamlar ürək xəstəliklərini uzun müddət yaddan çıxara bilərlər. Trend-in "The Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin Lund Universitetinin alimləri bəyan ediblər.
Alimlər eksperiment aparıblar. Onlar kök adamlara altı həftə ərzində hər gün itburnudan hazırlanmış içki (40 qram döyülmüş itburnudan ibarət) içməyi təklif ediblər. Bu zaman onların qan təzyiqində, insulinə həssaslıqlarında, çəkilərində və qanda yağların miqdarında dəyişiklik qeydə alınıb. Eyni zamanda, həmin müddət ərzində bütün zərərli göstəricilər azalıb. Belə ki, orta qan təzyiqi 3,4 faiz, xolesterinin səviyyəsi isə demək olar 5-6 faiz düşüb. Bu amillər birlikdə kök insanlarda ürək xəstəliklərinin inkişafı riskini 17 faiz azaldıb.
Məlumdur ki, itburnuda çoxlu C vitamini var və o iltihabəleyhinə effektə malikdir. Məsələn, 2007-ci ildə keçirilən bir tədqiqat zamanı məlum olub ki, hər gün bir itburnu kapsulu qəbul edən adamlarda oynaq xəstəliklərinin kəskinliyi 40 faiz azalır, çeviklik isə 25 faiz yaxşılaşır.