Qazax rayon sakini özünün qeyri-adi bacarığı ilə çoxlarının diqqətini çəkir. Kəpəz TV-nin (Region TV) Trend-ə verdiyi xəbərə görə, 62 yaşlı Rza Məmmədov nəinki dəmiri, hətta, şüşə, plastik və digər əşyaları da asanlıqla bədəninə yapışdıra bilir.
Onu rayonda "maqnit adam" kimi tanıyırlar. Çünki bədəninə asanlıqla çəngəl, bıçaq, qaşıq və digər əşyaları yapışdıra bilir. Keçmiş güləşçi Rza Məmmədov bu bacarığı özündə 12 il əvvəl aşkar edib. Maraqlısı isə odur ki, onun bədəninə metaldan başqa polietilen, şüşə və digər materiallar da asanlıqla yapışır. İlk dəfə ağırlığı az olan kiçik ölçülü əşyaları kürək və sinə nahiyəsinə yapışdıran Qazax sakini sonradan bu materialların həcmini və çəkisini artırıb.
Rza Məmmədov bədəninə əşyaları yapışdırdıqdan sonra özündə yorğunluq hiss edir ki, buna da səbəb onun enerji itirməsidir. 3 övlad atası olan "maqnit adam"ın ailə üzvlərinin hamısında eyni bacarıq var. Rza Məmmədov deyir ki, indi onun bircə arzusu var: - o da adını Ginnesin Rekordlar Kitabına yazdırmaq...