...

Azərbaycan müxalifəti hökuməti Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair öhdəlikdən imtina etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan hökuməti və siyasi partiyaları Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyi barədə Avropa Şurası qarşısında götürdüyü öhdəlikdən imtina etməlidir. Trend in məlumatına görə, bu bəyanatla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çərşənbə günü Bakıda keçirilən Qarabağ Forumunda çıxış edib.

Bu gün Bakıda müxalifəti təmsil edən 18 müxalifətyönlü siyasi partiya əməkdaşlığa dair saziş imzalayıblar. Əməkdaşlıq sazişi gələn il keçiriləcək prezident seçkisi ərəfəsində siyasi partiyaların bir- birinin əleyhinə təbliğat aparmamasını nəzərdə tutur.

Əməkdaşlıq sazişi imzalayan partiyalar - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Liberal Partiya, Ədalət, Böyük Azərbaycan, AMİP, Tərəqqi, Azadlıq və digər partiyalardır.

AXCP sədri bütün siyasi partiyalara müraciət edərək, partiyaları onun bu çağırışına qoşulmağa dəvət edib.Həsənquliyevin fikrincə, bu öhdəlik beynəlxalq qurumların "işğalçı Ermənistana loyal münasibət göstərməsinə, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, aqresiv mövqeyindən geri çəkilməməsinə səbəb olur". "Buna görə də Azərbaycan Ermənistanın BMT-nin qətnamələrinə, ərazi bütövlüyünün toxunulmazlığı barədə beynəlxalq hüquq normalarına məhəl qoymamasını əsas götürərək, həmin öhdəlikdən imtina etməlidir" - deyə Həsənquliev bildirib.

QAT sədri Akif Nağı təkliflə razılaşaraq bildirib ki, Azərbaycan təslimçilikdən va ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə təkliflə razı olmadığını bildirib. İsmayılov hesab edir ki, sülh danışıqlarının əleyhinə getmək düzgün deyil və Azərbaycan sülhün tərəfdarı olmalıdır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlar hələ ki, heç bir fayda verməyib.

Xəbər lenti

Xəbər lenti