...

Ermənistandakı hadisələr indiki formada cərəyan edərsə, Qarabağ münaqişəsinin danışıqlarla həlli məsələsinə yenidən baxılacaq - birinci vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2008 16:26 (UTC +04:00)
Ermənistandakı hadisələr indiki formada cərəyan edərsə, Qarabağ münaqişəsinin danışıqlarla həlli məsələsinə yenidən baxılacaq - birinci vitse-spiker

Azərbaycan, Bakı, 03 mart/ " müxbir İ.Əlizadə/ Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən toqquşmalar və qarşıdurmalar, ictimai-siyasi hadisələr indiki formada cərəyan edərsə, Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh danışıqları ilə həlli məsələsinə yenidən baxacaq. "Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli edilməsinə marağı yoxdur. Ermənistanda baş verən ictimai-siyasi hadisələr bu cür cərəyan edərsə, münaqişənin həlli məsələsinə yenidən baxılacaq. Beynəlxalq hüquq prinsiplərinə əsasən, Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququna malikdir" - deyə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bazar ertəsi Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə görə, hazırkı Baş nazir, hakimiyyətin namizədi Serj Sarkisyan 52,82% səs toplayaraq qalib gəlib. İknici yeri 21,5% səslə keçmiş dövlət başçısı və müxalifətin əsas namizədi Levon Ter-Petrosyan tutub. Petrosyan və onun tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək fevralın 20-dən kütləvi aksiyalara başlayıblar. Etiraz aksiyası martın 1-də və 2-də zorla dağıdılıb, səkkiz nəfər həlak olub, yüzlərlə yaralı var. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Əsgərov qeyd edib ki, Avroatlantik məkana inteqrasiya edən Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməkdir.

Həyata keçirilən islahatlar barədə məlumat verən birinci vitse-spiker bildirib ki, son illər təhlükəsizlik və müdafiə sahəsində mühüm addımlar atılır: "Biz istəyirik ki, iqtisadi, hərbi və digər sahələrdə islahatlar daha sürətlə həyata keçirilsin. Amma Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması buna müne olur".

Əsgərov qonaqlara Parlamentdə qəbul olunan bəzi qanun layihələri, ölkənin daxili və xarici siyasətində atılan mühüm addımlar barədə də məlumat verib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti