...

Region ölkələrinin təhlükəsizliyi qarşılıqlı razılaşdırılmış tədbirlər əsasında təmin edilməlidir – LINKS-in icraçı direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2009 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral/ Trend , müxbir E.Rüstəmov/ Britaniyanın LINKS Qeyri-Hökumət Təşkilatının icraçı diretoru Denis Sammut hesab edir ki, region ölkələrinin təhlükəsizliyi qarşılıqlı razılaşdırılmış tədbirlər əsasında təmin edilməlidir.

"Hər iki millətdə emosiya yaradan və dərin kök salmış Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışan Azərbaycan və Ermənistan hökumətləri qarşısında duran çətin vəzifələri qiymətləndirməmək olmaz. Bir neçə gün öncə İsveçrədə Azərbaycan və Ermənimtan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında baş tutan görüş həm iki ölkə hökuməti, həm də ATƏT-in Minsk Qrupu tərəfindən müsbət qiymətləndirildi", - deyə bazar ertəsi Trend -a Sammut bildirib.

Azərbaycan və Ermənistan prezidentləri fevralın 28-də Sürixdə keçirilən Davos iqtisadi forumunda iştirak çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik  7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Bu proses hazırda əvvəllər olduğundan daha səmərəli həyata keçirilir və mən əminəm ki, biz yaxın vaxtlarda bin neçə irəliləyişin şahidi olacağıq", - deyə Sammut bildirib.

Lakin, onun fikrincə, bu o demək deyil ki, tərəflər əldə etdikləri ilə kifayətlənməlidirlər. "Vəziyyət həssas olaraq qalmaqdadır, xüsusilə qoşunların təmas xəttində. Əvvəlki kimi hər həftə insanlar həlak olur. Onlar boş yerə həlak olurlar və bu dərhal dayandırılmalıdır", - deyə o bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi statistikasına görə, 2007-ci ildə həm atəşkəsin pozulması, həm də mina partlaması və digər səbəblərdən Azərbaycan Silahlı Qüvvələrinin 45 hərbçisi həlak olub. Azərbaycan hərbi ekspertlərinin təqdim etdiyi qeyri-rəsmi məlumatlara görə, 1994-cü ilin mayından atəşkəs rejimi dövründə Azərbaycan analoji səbəblərdən təqribən beş min hərbçisini itirib.

LINKS-in icraçı direktoru hər iki tərəfin rəsmi şəxs və ekspertlərini münaqişə ətrafında yaranan vəziyyətlə bağlı ifadə və şərhlərində olduqca ehtiyatlı olmağa çağırıb.

Münaqişə tərəfləri arasında hərbi əməliyyatların bərpaolunma ehtimalı barədə danışan Sammut bildirib ki, müharibə həm Ermənistan, həm də Azərbaycan üçün faciə ilə nəticələnəcək. O hesab edir ki, daha bir təhlükə müharibənin qoşunların təmas xəttinə daha çox qoşunun cəmləşdirilməsi səbəbindən baş verməsi ilə əlaqədardır. "Cənubi Qafqazda ölkələr silaha xərcləməli olduqlarından daha çox vəsait sərf edirlər və silahlanma üzrə kiçik yarış davam edir. Bu vəsaitlərin təhsil və səhiyyəyə sərf edilməsi daha yaxşı olardı", - deyə Sammut vurğulayıb.

LINKS-in icraçı direktoru hər bir ölkənin keyfiyyətli orduya malik olmaq hüququ ilə razıdır, "lakin region ölkələrinin təhlükəsizliyi qarşılıqlı razılaşdırılmış təhlükəsizlik tədbirləri əsasında təmin edilməlidir", - deyə o hesab edir.

Məhz buna görə, hərbi və mülki etibarın möhkəmləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına ehtiyac var.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti