...

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ümumi həllinə çox yaxındırlar – LINKS-in icraçı direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2009 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir Y.Оstapenko /

Trend -un Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammutla eksklüziv müsahibəsi.

- Rusiya Prezidenti Dmitri Medvedyev Moskvanın Ermənistan-Azərbaycan münaqişəsi üzrə öz mandatından istifadə etməyə hazır olduğunu deyib və iki ölkə başçılarının görüşünü təşkil etmək təşəbbüsünü öz üzərinə götürüb. Necə hesab edirsiniz, Moskvanın bu münaqişənin həllində əsas rol oynamaq istəyi nə ilə bağlıdır və o nə qədər uğurlu ola bilər?

- Biz yaddan çıxarmamalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və təxminən on ildir onun həmsədridir. Bu rolda Rusiya, digər iki həmsədr - ABŞ və Fransa ilə birlikdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə səy göstərməklə çox konstruktiv tərəfdaşa çevrilir.

Ancaq siz düz deyirsiniz, son illər ərzində biz Rusiyanın bu məsələdəki siyasətinin intensivləşməsinin şahidi oluruq və mən düşünürəm ki, buna ən bariz nümunə ötən ilin noyabrında Moskvada imzalanmış müqavilə idi. Bu qətnaməyə böyük əhəmiyyət verirəm. Hesab edirəm ki, bu qətnamə qarşıdakı tədbirlər üçün çox vacib rol oynayır və biz Rusiyanın, o cümlədən ABŞ və Fransanın bu problemin həllinə doğru irəliləyişə səylərini alqışlayırıq.

Regionu uzun illər ərzində müşahidə edən insanlar bir fikirdə ortaq məxrəcə gəlirlər ki, Qarabağ məsələsi həll olunmamış qaldıqca regionun iqtisadi, siyasi və sosial sahədə "partlayış şansıÜ çox aşağıdır. Bu, Cənubi Qafqazda əməkdaşlıq və inkişafa ən böyük maneədir. Ona görə də bu problemin həlli üçün edilən hər bir səy dəstəklənməlidir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın aylarda hansısa irəliləyişə nail olmaq üçün real zəmin varmı?

- Dağlıq Qarabağ münaqişəsinin həlli bir anda baş verməyəcək. Bu bir prosesdir və onu əvvəlcə başlatmaq lazımdır. Danışıqlar uzun illərdir davam edir, ancaq həll üzrə proses olmayıb. Buna baxmayaraq düşünürəm ki, hər iki tərəf həll prosesini başlatmaq üçün ümumi bazisə yaxındırlar.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Moskvaya səfərindən sonrakı açıqlamalarını böyük maraqla oxudum. Onlar çox nikbindir və mən bundan çox ruhlanmışam.

Ümid edirəm ki, qarşıdakı günlər, həftələr və aylar irəliləyiş gətirəcək. Hazırda hər gün intensiv müzakirələr gedir. Üç həmsədr ölkə arasında və diplomatik səviyyədə çox intensiv işlər aparılır. Hər gün bizə yeni müsbət nəticə gətirə bilər.

- Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması barədə çərçivə müqaviləsinə nail olub və "Yol xəritəsi"ni müəyyənləşdiriblər. Necə hesab edirsiniz, "Yol xəritəsi" Azərbaycanın maraqlarını nəzərə alacaqmı və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və türk-erməni münasibətlərinin normallaşmasına gətirib çıxaracaqmı?

- Mən inanıram ki, münasibətlərin normallaşdırılması həm Ermənistan, həm də Türkiyə və ümumilikdə region üçün xeyirli olacaq. İki ölkə arasında problemlər heç vaxt müsbət nəticə vermir. 

Əlbəttə Türkiyə və Ermənistan arasında həll olunmamış birsıra məsələ var. Onlardan bəziləri ikitərəflidir və birbaşa Türkiyə və Ermənistanla bağlıdır. Ancaq bəzi məsələlər regionla bağlıdır. Bura Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyənin bu məsələdə Azərbaycanla həmrəyliyini aid etmək olar.

Türkiyə və Azərbaycanı çox dərin tarixi, insani, mədəni və dini münasibətlər bir-birinə bağlayır. Bu çox spesifik münasibətlərdir. Buna görə də siyasi problemlər bu münasibətlərə o qədər də böyük ziyan vurmayacaq. Amma Azərbaycanın bilavasitə marağı var və Türkiyə bunları iki tərəf üçün uyğun yolla nəzərə almalıdır.

Məncə, Türkiyə və Ermənistan arasındakı münasibətlər bir gecəyə dəyişən deyil. Proses bir neçə ay və ya il davam edəcək, ancaq ən azından bu prosesin tezliklə başlaması yaxşı olardı. Prosesin başlanğıcını diplomatik münasibətlərin qurulması kimi başa düşürəm. Bu iki ölkə diplomatik münasibətləri qurmalıdır və bu, Azərbaycanın maraqlarına uyğundur, çünki Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistanla dialoq aparmalıdır. Bunu isə ən yaxşı diplomatik kanallarla etmək olar.

Bu zaman da sərhəd məsələsi ortaya çıxır. Azərbaycanın bu məsələdə mövqeyi aşkardır. Düşünürəm ki, hazırkı durum 1998-ci ildə olduğundan fərqlənir. O zaman aktual olan şeylər bu gün aktual deyil. Hər şey kontekstdə nəzərdən keçirilməlidir. Həmçinin yadda saxlamaq lazımdır ki, bir çox türk siyasətçiləri sərhədlərin açılması məsələsində "Qarabağ məsələsi üzrə danışıqlarda əldə edilən irəliləyişlərlə paralel hərəkət etməli olduqlarını" bildiriblər. Məncə, bir çox müşahidəçilər bu iki proses arasında əlaqə olacağını gözləyir.

Qeyd etdiyim kimi, mən Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasını alqışlayıram, sadəcə ona görə ki, bu hamıya xeyir gətirərdi. Hesab edirəm ki, Azərbaycan da bundan qısamüddətli olmasa da, ortamüddətli perspektivdə udardı.

- Ermənistan yalnız strateji əhəmiyyət daşımayan işğal olunmuş regionları qaytarmaq təklfini edərsə nə olacaq? Bu ssenarini mümkün sayırsınızmı?

- Mən doğrudan da təfərrüatlara varmaq istəmirəm. Amma düşünürəm ki, istənilən razılığın uğur gətirəcəyinin geniş anlamı var. Üzərində möhkəm dayanmalı olduğumuz əsas şərtlərdən biri erməni qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı altı işğal olunmuş rayondan çıxarılması və bu ərazilərdən olan qaçqın və məcburi köçkünlərin geri dönüşü və təhlükəsizliyidir.

Mən son hissəni bir də təkrarlamaq istəyirəm, çünki torpaq yox, insanlar vacibdir. Mən də məhz insanlar haqqında danışmaqda maraqlıyam. Düşünürəm ki, yüzlərlə, minlərlə insanlar əziyyət çəkir və bu əziyyətlərə son qoyulmalıdır. Bu prioritet məsələ olmalıdır.

Bu cür danışıqlarda həmişə təfərrüatlar olacaq və onlar danışıqlar prosesi zamanı işlənməlidir. Məncə, prinsiplər demək olar ki, razılaşdırılıb. Bu düzgün istiqamətdə vacib bir addım olardı. Əsas prinsiplər razılaşdırılarsa, təfərrüatlar ətrafında ciddi danışıqlar başlanıla bilər. Təkrar etmək istəyirəm: Qarabağ sülh prosesi bir gündə baş verəcək tədbir deyil. Bu proses bir müddət çəkəcək, amma biz nailiyyətlərin, dəyişikliklərin şahidi olmalıyıq və bu dəyişikliklər ilk növbədə yaranmış durumdan doğrudan da əziyyət çəkən insanların maraqlarını nəzərə almalıdır.

- Qərbin İrana münasibəti son zamanlar xeyli yumşalıb. Ancaq bir neçə gün əvvəl Cenevrədə keçirilən irqçiliyə qarşı mübarizə konfransında qalmaqal baş verdi ki, bunlar da Avropa nümayəndələrini İran Prezidentinin çıxışı zamanı zalı tərk etməyə məcbur etdi. Bunun dialoqun sonu olduğunu söyləmək olarmı? Yaxud bu qalmaqal nəyə işarədir?

- Ümid edirəm ki, yox. Məncə İranla Qərb arasındakı münasibətlərdə yeni mərhələyə qədəm qoymaq şansı yaranıb və ümid edirəm ki, İran bu imkandan yararlanacaq. Prezident Barak Obama həm öz seçkiqabağı kampaniyası zamanı, həm də prezident olandan sonra dialoqa hazır olması və bu dəyişikliklərə doğru ümidlə irəliyə hərəkət haqqında bəyanat verməklə böyük cəsarət nümayiş etdirib.

Məni hansısa konfransda kiminsə nəsə deməsindən, başqalarının bundan xoşu gəlməməsi səbəbindən baş verənlər o qədər də narahat etmir. Xolokost məsələsi İran tərəfindən səhv izah edilib. Biz Avropada olaraq Xolokostun şahidi olmuşuq. Ola bilər mənim yox, mənim valideynlərimin nəsli. Ona görə də kimsə bizə Xolokost haqqında danışmamalıdır. Biz bunun necə baş verdiyini, gözümüzün qabağındakı Berlində, Romada, Vyanada və başqa yerlərdə baş verdiyini bilirik. Avropa ölkələrinə bunun olub-olmadığını anlatmaq lazım deyil, çünki bunlar gözümüzün qabağında olub.

Məncə, ABŞ və Aİ qarşısında duran ciddi problem İranın nüvə problemidir. Baxmayaraq ki, hamının İranın sülh məqsədləri ilə nüvə potensialına malik olmaq hüququnu tanıyır, hesab edirəm ki, beynəlxalq cəmiyyət bir fikirdə həmrəydir ki, bu potensialın hərbi nüvə potensialına çevrilməsinə imkan vermək olmaz. Rusiya və ABŞ ümid edirik ki, bir sıra nüvə arsenallarının məhvinə gətirəcək prosesə başlayacaqlar. Bu çox vacib tarixi məqamdır. Mənim kimi insanlar gənc olduğum zamanlardan bəri nüvə silahı problemindən çox narahat idilər və bu qərarı alqışlayırlar.

Biz çox ümid edirik ki, Obama və Dmitri Medvedyev razılığa gələ biləcək, Rusiya və ABŞ-ın nüvə arsenalının böyük hissəsi məhv ediləcək. Bizim məhvetmə üçün yeni nüvə mənbələrinə ehtiyacımız yoxdur. İran bu imkanlar pəncərəsini görməlidir və məncə Tehran tərəfindən müsbət addımlar nəzərə çarpacaq, ABŞ və Aİ buna reaksiya verəcək.

- Çexiya qanunvericiliyinə əsasən, hakimiyyətdə müvəqqəti hökmət olduqda Prezident daha çox səlahiyyətə malik olur. Çexiya Prezidenti, məlumdur ki, RƏM sisteminin qurulmasına qarşıdır. Aİ-də sədrlik edən Çexiya Respublikasındakı siyasi böhran Amerikanın Çexiya və Polşada yerləşdirmək istədiyi RƏM elementləri məsələsinə necə təsir edəcək?

- Sizin sualınıza cavabda bir neçə müddəa var. Birinci müddəa - Çexiyanın Aİ-dəki sədrliyi.

Sədrlik Aİ üçün xüsusilə böhran dövründə müəyyən liderlik verir. Amma Aİ bir çox başqa strukturlara malikdir: Avropa Komissiyası, Avropa Şurası və sədrlik edən ölkədəki daxili böhran zamanı vərəsəliliyi təmin edən bir çox başqa qurumlar var. Çexiyalı diplomatlar daxili problemlərə baxmayaraq fəal işləyirlər. Daxili siyasi problemlər bəzən demokratiyaya işarədir. Siz həyəcanlanmamalısınız. Bu hər yerdə - Böyük Britaniyada, Almaniyada baş verə bilər.

RƏM elementlərinin qurulması məsələsi nöqteyi-nəzərindən, o necə olursa-olsun, Çexiya hökumətinin qərarıdır. Hazırkı hökumət "keçid" hökumətidir. Ancaq yaxınlarda yeni hakimiyyət seçiləcək və o, RƏM-in yerləşdirilməsi barədə qərar verəcək.

Raket qalxanının qurulması məsələsi uzun illərdir müzakirə olunur və məncə o, yeni hökumətin seçilməsinə qədər olan iki ayı gözləyə bilər.

- Çexiya və Polşadakı RƏM qalxanının əvəzinə Azərbaycandakı Qəbələ RLS-dən ABŞ və Rusiyanın birlikdə istifadəsinə inanırsınızmı?

- Bu tamamilə texniki məsələdir və mən çətin ki, buna cavab verə biləm, çünki cavabı bildiyimə əmin deyiləm. Ancaq mən bu suala siyasi cavab vermək istərdim. Bu, Azərbaycan hökumətinin qərarıdır - o, bu rolu oynamaq istəyəcək, ya yox. Hökumət bir neçə məsələni diqqətə almalı, sonra bu qərar gəlməlidir. Məncə, ilk növbədə qərar Azərbaycan hökumətinin tərəfindədir.

- NATO və Rusiya öz münasibətlərini "yenidən yükləmək" qərarına gəliblər. Ancaq Rusiya, NATO-nun Gürcüstandakı hərbi təlimlərindən imtina etməyəcəyi halda NATO-Rusiya şurasının işini dayandıracağı ilə bağlı ultimatum verib. Bu addımlarla Moskva nəyə nail olmaq istəyir? NATO və Rusiya münasibətlərinin gələcək inkişafını necə görürsünüz?

- Gürcüstan Azərbaycan və Ermənistan kimi, "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüdür. Bu ölkələr NATO ilə əməkdaşlıq proqramına malikdirlər. Bu proqram öz uğurluluğunu göstərdi və hər üç ölkə müəyyən mənada ondan udub. Gələn həftəyə nəzərdə tutulmuş təlimlər hərbi standartlar baxımından kiçikdir və Rusiya tərəfindən ciddi təhlükə kimi qiymətləndirilməməlidir.

Məncə, ruslar bu məsələdə çox həssasdırlar. Hesab edirəm ki, onlar razılaşmalıdırlar ki, bu təlimlər hələ ötənilki avqust müharibəsindən sonra planlaşdırılmışdı. İkincisi, onlar müharibə və onun nəticələri ilə heç cür bağlı deyil. Deyərdim ki, bu, "bir stəkan suda tufan" deyil və Rusiya və NATO orta və uzunmüddətli perspektivdəki münasibətlərinə ziyan vurmayacaq.

Hazırda Rusiya və NATO, o cümlədən ABŞ-la münasibətlər gündəliyində daha ciddi məsələlər var və hesab edirəm ki, hər iki tərəf bu problemlərə diqqət yetirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti