...

Azərbaycan Parlamentinin yəhudi əsilli deputatı yəhudi icmasını ABŞ Konqresinin qərarına etiraz etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 16:16 (UTC +04:00)
Azərbaycan Parlamentinin yəhudi əsilli deputatı hesab edir ki, ölkədə fəaliyyət göstərən yəhudi dini icmasının Konqresin Dağlıq Qarabağın erməni icmasına yardım ayırmasının qarşısının alınması üçün ABŞ prezidentinə, eləcə də Konqresə müraciət göndərməsi vacibdir.
Azərbaycan Parlamentinin yəhudi əsilli deputatı yəhudi icmasını ABŞ Konqresinin qərarına etiraz etməyə çağırıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin yəhudi əsilli deputatı yəhudi icmasını ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etiraz etməyə çağırıb.

"Ölkədə fəaliyyət göstərən yəhudi dini icmasının Konqresin Dağlıq Qarabağın erməni icmasına yardım ayırmasının qarşısının alınması üçün ABŞ Prezidentinə, eləcə də Konqresə müraciət göndərməsi vacibdir. Müraciət etmək üçün heç bir problem yoxdur, parlament, siyasi partiyalar adından etiraz bildirilibsə, təkcə yəhudi icması deyil, Azərbaycanda fəaliyyət göstərən həm müsəlman, həm də xristian və digər dini icmalar narazılıqlarını bəyan etməlidirlər", - cümə axşamı Trend -a Milli Məclisin üzvü Yevda Abramov bildirib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Abramovun sözlərinə görə, Konqresin erməni separatçılarına yardım ayırması Azərbaycanın ərazi bütövlüyünə ziyan verəcək bir addımdır. "Biz yəhudilər də Azərbaycanı özümüzün vətəni hesab edirik. Deməli, yəhudi icmasının Konqresin yardım ayırmasına etiraz etməsi vacibdir", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycandakı yəhudi icması hətta ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarına da müraciət edə bilərlər. "Düşünürəm ki, bu müraciət əsasında ABŞ-dakı yəhudi təşkilatları həm Prezident Barak Obamaya, həm də konqresmenlərə fikirlərini dəyişməkdə müəyyən qədər təsir göstərə bilərlər", - Abramov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti