Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir S.Ağayeva/
BMT xüsusi nümayəndəsinin təyini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərə bilər. Bu barədə cümə günü Trend-ə Belçika Senatının fəxri sədri Anna Mari Lizin deyib.
"Münaqişənin həllində vasitəçilik mandatına malik ATƏT-in Mİnsk qrupu indiyədək heç bir nəticəyə nail ola bilməyib. Mənə elə gəlir ki, hər iki tərəf [Ermənistan və Azərbaycan] təcili olaraq, bu istiqamətdə işləməlidir və bütün münaqişə tərəflərinin və maraqlı ölkələrin, o cümlədən, Rusiyanın qulaq asacağı BMT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunmasına nail olmalıdırlar", - "YES" beynəlxalq məşvərətçi qrupun üzvü Lizin bildirib.
"BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini təyin etmək lazımdır", - belə təşəbbüslə Bakıda səfərdə olan Latviyanın keçmiş prezidenti (1999-2007), BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun vitse-sədri Vayra Vike-Freyberqa çıxış edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.