ABŞ, Nyu-York, 23 Sentyabr /Trend, xüsusi müxb. A.Privalov/
Türkiyənin prezidenti Abdulla Gül bəyan edib ki, Türkiyə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük əhəmiyyət verir.
"Son dövrlərdə hamımıza məlumdur ki, münaqişələrin uzadılması yeni qarşıdurmaların yaranmasına gətirib çıxarır. Məhz buna görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına böyük əhəmiyyət verir", Abdulla Gül Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.