Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxb E.Tariverdiyeva/
Nyu-Yorkda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
"ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya) ilə görüşü keçirilib", - Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə deyib.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə və Azərbaycanın zəbt olunmuş torpaqlarına qiymətləndirmə missiyasının səfərinə dair məsələlər müzakirə olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.