...

ATƏT-in qiymətləndirmə missiyasının nəticələri Azərbaycana fayda verəcək – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2010 09:00 (UTC +04:00)
ATƏT-in qiymətləndirmə missiyasının araşdırmalarının nəticələri Azərbaycana Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı və separatçı regionda vəziyyətə beynəlxalq diqqəti cəlb etmək işində faydalı olacaq, - ekspertlər belə hesab edir.
ATƏT-in qiymətləndirmə missiyasının nəticələri Azərbaycana fayda verəcək – ekspertlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in qiymətləndirmə missiyasının araşdırmalarının nəticələri Azərbaycana Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı və separatçı regionda vəziyyətə beynəlxalq diqqəti cəlb etmək işində faydalı olacaq, - ekspertlər belə hesab edir.

"ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri məlumatlılıq baxımından faydalıdır", - M.V. Lomonosov adına MDU-nun Postsovet Məkanında İctimai-Siyasi Proseslərin Öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bu fikirdədir. - "Bu səfər Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə əlavə diqqət cəlb edəcək".

Minsk qrupunun sentybarın 25-də yaydığı bəyanata əsasən, oktyabrın birinci yarısında ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcək.

"Həmsədrlər BMT-nin Cenevrə və Nyu-Yorkdakı nümayəndələri ilə ilkin əlaqələrə əsaslanaraq, BMT-nin İnkişaf Proqramının ekspertlərinə və Qaçqınlarla İş Üzrə Ali Komissarlığa missiyada iştirak etmək xahişi ilə rəsmi şəkildə müraciət ediblər", - bəyanatda deyilir.

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın təşəbbüskarlığı altında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti öyrənəcəklər. Sonuncu səfərləri zamanı Minsk qrupunun həmsədrləri həmin ərazilərdə vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal olunmuş ərazilərdəki vəziyyət haqqında hesabat hazırlayacaqları gözlənilir.

Müşahidəçilərin fikrincə, ATƏT missiyasının araşdırmaları Azərbaycanın müsbət imicinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycanlı politoloq, Trend-in Ekspertlər Şurasının üzvü Fikrət Sadıqovun sözlərinə görə, imic nöqteyi-nəzərindən ATƏT-in qiymətləndirmə missiyası, çox güman ki, Azərbaycan üçün müsbət faktordur.

"Bu komissiya obyektiv olarsa, işğal edilmiş ərazilərdə beynəlxalq hüquqi normalara sığmayan pozuntuların baş verdiyinə əmin olacaqlar", - bu barədə Trend-ə Sadıqov deyib.

ATƏT-in qiymətləndirmə missiyasının araşdırmaları həqiqətin üzə çıxması və onun bütün dünya üzrə yayılmasında mühüm rol oynayır. Bu barədə bazar ertəsi Azərbaycanın hakim partiyası - Yeni Azərbaycanın saytına verdiyi müsahibəsində "Azərbaycan Dağlıq Qarabağ cəmiyyəti" İctimai Birliyinin sədri Bayram Səfərov deyib

"Bizim üçün ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və araşdırmalar aparması çox vacibdir; belə ki, bu missiyanın araşdırmaları həqiqətin aşkarlanması və bütün dünyaya yayılmasında çox mühüm rol oynayır", - Səfərov deyib.

Politoloqun fikrincə, mövcud missiya ədalətli olacağı təqdirdə, Bakı mövqeyinin doğruluğunu sübut etmək və həqiqəti aşkar etməkdə vacib imkan qazanacaq.

"Əgər mövcud problem BMT-nin Baş Assambleyasının növbəti sessiyasının müzakirəsinə buraxılsa, çox güman ki, Azərbaycanın xeyrinə qətnamə qəbul olunacaq", - Sadıqov deyib.

Vlasovun fikrincə, Azərbaycana bu tendensiyanı dəstəkləmək və Dağlıq Qarabağ münaqişəsi zonasında real vəziyyəti dünya ictimaiyyətinə çatdırmaq vacibdir.

"Bu, ölkənin müsbət imicinin formalaşması üçün yeganə doğru qərardır. Və ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri baxımından vacibdir", - Trend-ə politoloq bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə missiyasının araşdırma nəticələri Azərbaycana fayda gətirəcək.

"Missiyanın sonunda dərc olunacaq bu sənədlər məlumatlandırma baxımından çox vacibdir", - Vlasov deyib.

Beynəlxalq Böhran Qrupunun (ICG) Avropa proqramları direktoru Sabina Freyzerin fikrincə, vəziyyət haqqında real təsəvvürün yaradılması üçün beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı məsələlərə daha fəal cəlb olunmasının vaxtı çatıb.

"Ona görə də qiymətləndirmə və vəziyyətin daha ətraflı öyrənilməsi üçün məhz bu nümayəndələrin səfəri çox vacibdir", - Freyzer "Jamanak" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, işğal olunmuş yeddi rayon Azərbaycana qaytarılmalıdır.

"Mən indi Laçın dəhlizinin statusunun müzakirə olunub-olunmadığını deyə bilmərəm; bəzi ərazilər Azərbaycana digərlərindən gec qaytarılacaq, ya yox; lakin bir şey aydındır ki, bu ərazilər işğal edilib və onların statusunun dəyişməsi ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması deməkdir", - Freyzer deyib.

Sadıqovun sözlərinə görə, başlıcası odur ki, beynəlxalq müşahidəçilərin qiymətləndirməsi ədalətli olsun, Ermənistanı yenidən sakitləşdirmək məqsədi daşımasın və heç kimi incitmədən iki münaqişə tərəfini barışdırsın.

"Amma düşünürəm ki, ATƏT MQ kəskin və aşkar azərbaycanyönlü qiymətləndirmədən qaçacaq və yenə öz mövqeyini balanslaşdıracaq", - o deyib.

Lakin müxalif erməni milli konqresinin xarici əlaqələr üzrə məsul nümayəndəsi Vladimir Karapetyanın fikrincə, həmsədrlər, çətin ki, Dağlıq Qarabağ separatçılarının nümayəndələrinin bəyanatını təsdiqləsinlər.

"Azərbaycan tərəfinin təzyiqi altında Dağlıq Qarabağın nəzarət etdiyi ərazilərə bir sıra beynəlxalq təşkilatların ekspertləri yollanacaqlar. Onlar bu ərazilərdəki humanitar vəziyyəti, mədəni əhalinin vəziyyətini qiymətləndirəcəklər. Bu, erməni tərəfinin növbəti və əsaslandırılmamış güzəştidir. Bu, həmsədrlərə deyil, məhz Azərbaycana birtərəfli güzəştdir", - Karapetyan "Azadlıq" radiosuna müsahibəsində deyib.

Sadıqovun fikrincə, əgər qiymətləndirmə ədalətli olarsa, Azərbaycan tərəfi beynəlxalq məhkəməyə sənədlər təqdim edə bilər; həm də Bakının qiymətləndirmə missiyasının nəticələri olmadan da bunu etmək üçün lazım olduğundan artıq səbəbləri var.

"Xarici jurnalistlərin reportajlarından biz Azərbaycanın dağıdılmış tarixi-mədəni irsi abidələrini, dağıdılmış məscidlərini görürük", - o deyib. - "Lakin bu halda da bir çox ölkələrin bizi bu gün danışıqların aparıldığı formata qaytarmaq istəkləri ilə üzləşirik".

Qiymətləndirmə missiyasının sənədlərinin praktiki həll müstəvisinə keçid aspekti diqqətə alınarsa, burada problemlərin yaranacağını hesab edən rusiyalı politoloq da bununla razılaşmır. Onun fikrincə, beynəlxalq münasibətlərin hüquqi sistemi mürəkkəbdir və bu sənədlərin təqdim olunması Beynəlxalq Məhkəmədə uzun təhqiqatlara gətirib çıxaracaq.

"Beynəlxalq təhqiqatlar məsələsində bu missiyanın hansısa ciddi nəticələrə gətirib-çıxaracağı çətindir, çünki vasitəçilərin imkanları son dərəcə məhduddur", - Vlasov bildirib.

Sadıqovun fikrincə, Azərbaycanın ATƏT-in qiymətləndirmə missiyasının tədqiqatlarının nəticələrindən maksimum istifadə etməsi vacibdir.

"Azərbaycan siyasətçiləri, hüquqşünasları, politoloqları və ekspert cəmiyyəti bu qiymətləndirmədən necə maksimum səmərəli istifadə etməyi və Ermənistana təzyiqin güclənməsinə nail olmağı düşünməlidir", - Sadıqov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Materialın hazırlanmasında A.Qasımova (Moskva) iştirak edib.

Xəbər lenti

Xəbər lenti