Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir S.Ağayeva/
Ermənistan qanunsuz respublikaların tanınmasını qanunuləşdirməyə cəhd göstərməklə özünün olan-qalan nüfuzuna növbəti zərbə endirdi. Azərbaycanlı politoloq, Trend-in Ekspertlər Şurasının üzvü Fikrət Sadıqov Ermənistan prezidentinin "Beynəlxalq müqavilələr haqqında" qanuna dəyişiklikləri imzalamasını şərh edərkən bildirib.
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 17-də parlamentin qəbul etdiyi "Beynəlxalq müqavilələr haqqında" qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişikliklər beynəlxalq hüquq tərəfindən tanınmamış subyektlərlə sülhün təminatı, insan haqlarının müdafiəsi, humanitar, iqtisadi və maliyyə yardımı məsələlərini nizamlamağı nəzərdə tutur.
Qanun layihəsinə əsasən, beynəlxalq müqavilə tərəfi beynəlxalq hüququn tanınmamış subyekti ola bilər.
Politoloqun sözlərinə görə, 2010-cu il Dağlıq Qarabağın hansısa dövlət quruluşu kimi tanınması ilə bağlı erməni eyforiyasına qətiyyətlə son qoydu. O, qeyd edib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyi ilə bağlı bütün xülyalar sabun köpüyü kimi partladı.
"Şübhəsiz ki, indi bu vəziyyətdə erməni tərəfi öz ictimaiyyətinə və diaspora nümayiş etdirmək istəyir ki, əgər zərurət olarsa, tanınmamış respublikaları tanıya və onlarla hər hansı əlaqəyə girə bilər. Lakin bütün bunlar virtualdır, kədər yox, istehza və gülüş doğurur", - politoloq bildirib.
Onun fikrincə, Ermənistanın sabah və ya gələcəkdə Dağlıq Qarabağı, yaxud Dnestryanını və ya Abxaziyanı tanıması qətiyyən heç nəyi dəyişmir, beynəlxalq hüququn forma və prinsiplərində heç bir hüquqi dəyişiklik baş vermir. Bu, hamıya məlumdur və dünya birliyinə aydındır, Sadıqov qeyd edib.
"Bu gün dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan bir ölkə və beynəlxalq təşkilat yoxdur. Təbii ki, bu, Ermənistanı qıcıqlandırır və Yerevan hansısa separatçı quruluşun müstəqilliyini tanımaqla, belə addımları özünə təsəlli vermək və Ermənistanın özündəki nisbətən daha millətçi dairələri sakitləşdirməyə cəhd etmək ümidilə atır", - politoloq bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.