...

Dağlıq Qarabağla bağlı danışıqların üçtərəfli formatı etimad tədbirlərinin möhkəmləndirilməsinə imkan verib – RF XİN (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2011 16:57 (UTC +04:00)
Dağlıq Qarabağ ətrafında danışıqların üçtərəfli formatı tərəflərin mövqelərinin yaxınlaşmasına və etimad tədbirlərinin möhkəmləndirilməsinə imkan verib.
Dağlıq Qarabağla bağlı danışıqların üçtərəfli formatı etimad tədbirlərinin möhkəmləndirilməsinə imkan verib – RF XİN (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 16.32-də dərc olunub)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.Tarıverdyeva/

Dağlıq Qarabağ ətrafında danışıqların üçtərəfli formatı tərəflərin mövqelərinin yaxınlaşmasına və etimad tədbirlərinin möhkəmləndirilməsinə imkan verib. Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin dəstəyi ilə irəliləyişin əldə olunması üçün hər cür səy göstərir. 2010-cu ildə üçtərəfli formatda üç görüş keçirilib və bu əlaqələr iki tərəfin mövqelərinin yaxınlaşmasına və etimad tədbirlərinin möhkəmləndirilməsinə imkan verib", - o deyib.

XİN nümayəndəsinin sözlərinə görə, Həştərxanda prezidentlər İlham Əliyev və Serj Sarkisyan nizamlanmanın əsas prinsipləri üzərində işi davam etdirməyə prinsipial hazırlıqlarını ifadə ediblər.

Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekunları üzrə oktyabrın 27-də hərbi əsirlərin qaytarılmasını nəzərdə tutan humanitar xarakterli bəyannamə imzalanıb.

"Güman edirik ki, Soçidə keçiriləcək görüşdə Rusiya Prezidenti Dmitri Medvedevin sammitlər arasındakı dövrdə işlərin necə aparıldığını təhlil etmək və Dağlıq Qarabağ probleminin qarşılıqlı əlverişli həllinin tapılması istiqamətində gələcək konkret addımları müəyyən etmək imkanı olacaq", - Lukaşeviç bildirib.

Martın 5-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti