...

Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-i bir milyon insanın hüququnun bərpa olunmasına dəstək verməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 15:30 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov ATƏT-in sədri Audronyus Ajubalislə görüşdə beynəlxalq təşkilatları 1 milyon insanın öz doğma torpaqlarında yaşamaq hüququnun bərpa olunmasına ciddi dəstək verməyə çağırıb.
Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-i bir milyon insanın hüququnun bərpa olunmasına dəstək verməyə çağırıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov ATƏT-in sədri Audronyus Ajubalislə görüşdə beynəlxalq təşkilatları 1 milyon insanın öz doğma torpaqlarında yaşamaq hüququnun bərpa olunmasına ciddi dəstək verməyə çağırıb.

"Əgər beynəlxalq təşkilatlar insan hüquqlarının təminatını ali dəyər kimi qəbul edirsə, onda 1 milyon insanın öz doğma torpaqlarında yaşamaq hüququnun bərpa olunmasına ciddi dəstək verməlidirlər. İnsanların bu hüquqlarını pozan işğalçı Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində sərt tədbirlər görülməlidir", - Trend-in məlumatına görə bunu Bayram Səfərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Görüşdə qəti şəkildə bildirdik ki, Azərbaycan dövləti Dağlıq Qarabağın və digər işğal olunmuş torpaqlarımızın azad olunmasına hansı yolla olursa-olsun, nail olacaq. Qeyd etdik ki, biz öz torpaqlarımıza qayıtmaq istəyirik", - Səfərov deyib.

Onun sözlərinə görə, ATƏT sədri öz növbəsində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlara malik olduqlarını, məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olunması üçün çalışacaqlarını vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis martın 13-dən Azərbaycanda rəsmi səfərdədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti