...

Litva Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana bacardığı qədər kömək etməyə hazırdır - Prezident Dalya Qribauskayte

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2011 07:43 (UTC +04:00)

Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdı.

"Bu cür münaqişələr hər bir ölkəyə böyük itkilər verir. Mənəvi dəyərlərə, münasibətlərə, iqtisadiyyata çox pis təsir göstərir. Bu çətinlikləri aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun üçün sizə səbir, açıq yanaşma və əlbəttə ki, sülhsevər münasibət lazımdır. Avropa və bütün dünya istəyir ki, münaqişələr dinc yolla həll edilsin. Bu məsələnin həllində Litva həm ATƏT-in, həm Avropa İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli formatda sizə bacardığı qədər kömək etməyə hazırdır" Litva Prezidenti Dalya Qribauskayte Bakıda bəyanatla çıxışında bildirib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Qribauskayte Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, iqtisadi əlaqələrdən çox razı olduğunu bildirib.

"Biznes dairələrimiz hər iki tərəfdən əməkdaşlıq imkanlarını araşdırıb, müəyyən ediblər. Səfirliklərimiz ölkələrimizdə müvafiq qaydada işləyirlər. Sizin səfiriniz bizim ölkədə, bizim səfirimiz isə sizin ölkədə fəal çalışırlar. Mən onları təbrik etmək istəyirəm. Onlar çox yaxşı iş görürlər. İşgüzar dairələrimiz hər iki ölkədə iş aparmaq imkanlarından çox məmnundurlar. Onların bizneslə məşğul olmaları üçün yaxşı şansları vardır.
Dalya Qribauskayte Litvanın Avropa İttifaqına üzvlük sahəsində apardığı danışıqlardan əldə etdiyi təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduğunu dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsini müsbət qiymətləndirən Litva dövlətinin başçısı bu məsələnin, həmçinin onun ölkəsində gündəlikdə durduğunu bildirərək dedi:
-Müəyyən müsbət addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul etdiyiniz korrupsiyaya qarşı proqramın həyata keçirilməsində görürük. Bu məsələ, həmçinin şəxsən mənim və ölkəmin gündəliyində duran məsələdir. Bu problem bu və ya digər dərəcədə hər bir ölkədə vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən bu proqramın başlanması çox yaxşı işarədir" Litva Prezidenti deyib.

Litva Prezidenti Azərbaycanın, eyni zamanda, Avropa üçün önəmli bir ölkə olduğunu xüsusi qeyd edərək dedi:

"Təbii qaz və digər enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsində ölkəniz Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu münasibətlərin böyük gələcəyi vardır. Mən sadəcə olaraq arzulayaram ki, ölkəniz bundan tam istifadə etsin və bu məsələlər Avropa İttifaqının istənilən üzv ölkəsi ilə əlaqələrin daha da yaxşı olmasına töhfə versin".

Litva prezidenti Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkəmizdə irimiqyaslı layihələrin icra olunduğunu xüsusi vurğulayaraq bildirdi:

"Buraya gələrkən tikilən və bərpa olunan bir çox binaları gördük. Böyük infrastruktur obyektləri tikilmək üzrədir. Bu çox yaxşı göstəricidir və biz çox şadıq ki, ölkəniz sürətlə inkişaf edir".

Təhsil sahəsində gələcək əməkdaşlığa da toxunan Litva dövlətinin başçısı bu istiqamətdə bir sıra layihələri reallaşdırmağa hazır olduqlarını dedi.

Xəbər lenti

Xəbər lenti